11 yanvar 2025 14:47
93

Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib

Yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, 8 mərkəzdə keçirilən olimpiadada məktəb turunda qalib olan 535 şagirddən 94 faizi iştirak edib. Şagirdlərə 30 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.

Olimpiadanın məktəb, rayon və muxtar respublika olmaqla, 3 turdan ibarət təşkili nəzərdə tutulub. Rayon turunda qalib olan şagirdlər fevralın 8-də keçiriləcək muxtar respublika turuna vəsiqə qazanacaq.

Rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq.