09 yanvar 2025 00:58
145

Biz o xalqların yanında olacağıq

Demokratiyadan, insan hüquqlarından dəm vuran Fransa hazırda Afrika ölkələrinin bir hissəsini hələ də nəzarətində saxlayır. Bir neçə dövlət,  həmçinin bir neçə beynəlxalq təşkilat Afrika xalqlarının hüquqları uğrunda apardıqları mübarizəyə dəstək verir. Azərbaycan isə Fransanın müstəmləkəçilik siyasətinə qarşı ən aktiv  mübarizə aparan bir ölkə kimi  tanınır.  Hətta Azərbaycan Bakı Təşəbbüs Qrupu (BTQ) vasitəsilə Fransanın zülmündən əziyyət çəkən ölkələrin səsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ciddi addımlar atır. Bu da öz səmərəsini verməkdədir. Ölkəmizin mənəvi dəstəyi ilə Yeni Kaledoniya, Fransız Polineziyası, Korsika, Qvadelupa, Martinika, Fransız Qvianası və Reünyon kimi bölgələrin müstəmləkəçiliyin buraxdığı uzunmüddətli miraslarla mübarizəsini davam etdirməsi  bu faktı bir daha sübut edir.

Yeri gəlmişkən qeyd edək ki, 2022-2023-cü illər arasında ardıcıl olaraq Malidən, Burkina-Fasodan və Nigerdən qovulduqdan, 2024-cü ilin noyabr ayında Seneqalı və Çadı da tərk etmək tələb olunduqdan sonra fransız ordusu Kot d'İvuardakı hərbi qüvvələrini kəskin şəkildə azaldır. Hətta Niger və Burkina-Fasonun ardınca Malidə də Fransa müstəmləkəçiliyi dövrünə aid toponimlər dəyişdirilir. Bu isə o deməkdir ki, rəsmi Bakı düşünülmüş diplomatiyası, həm beynəlxalq təşkilatlardakı fəaliyyəti, həm də BTQ ilə Parisin müstəmləkəçilik xülyalarını darmadağın edir. Bu da  Afrikadakı hərbi mövcudluğunun 70 faizini itirən, Cənubi Qafqazda möhkəmlənmək istəyən Fransanın ciddi narahatlığına səbəb olub. Hətta bu günlərdə Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisi Bertrand Çamoulaud “Le Monde” qəzetinə Fransanın Afrikadakı mövcudluğundan danışarkən BTQ-nin adını çəkib. Bildirib ki, dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyan güclənir:  “Onların təsiri bu tip müstəqillik hərəkatlarını dəstəkləyən və onlara tribuna verən Bakı Təşəbbüs Qrupu kimi xarici aktorlar tərəfindən gücləndirilib”.

 Elə bu səbəbdən də Azərbaycanın uğurlarını həzm edə bilməyən, dəfələrlə ölkəmizə qarşı müxtəlif qətnamələrin qəbulu, o cümlədən sanksiyaların tətbiqi ilə bağlı çağırışlar edən Makron Fransası hədyanlar yağdırmaqda davam edir. Yeri gəlmişkən qeyd edək ki, yanvarın 6-da ermənipərəst Prezident Emmanuel Makron səfirlər konfransındakı çıxışında real faktları təhrif etməklə ölkəmiz əleyhinə növbəti iddialarını səsləndirib. Amma Azərbaycan bu mövqeyində qətidir. Yəni, Fransanın neokolonialist siyasətini ifşa etməkdə davam edəcək.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür. Dövlətimizin başçısı qeyd edib ki, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır. Bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır: “Çünki yenə də deyirəm, mən bunu demişəm, heç kim başağrısı istəmir, heç kim istəmir ki, böyük dövlətlərlə, - hər halda özlərini belə sayan, - üz-üzə gəlsin. Amma biz bunu edirik və edəcəyik. Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq”.

Dövlətimizin başçısı, həmçinin bildirib ki, bu və ya digər ölkəni strateji bir məntəqə kimi saxlamaq, oranın təbii sərvətlərini talamaq və xalqları əzmək, assimilyasiyaya məruz qoymaq, onları öz mənliyindən, dilindən, mədəniyyətindən məhrum etmək vəhşilikdir: “Bu, heç bir ölkəyə şərəf gətirmir”.

Bir məsələni də vurğulayaq. Azərbaycan indiyədək  heç bir ölkənin daxili işlərinə qarışmayıb və qarışmaq fikri də yoxdur. Rəsmi Bakı sadəcə kolonializmdən əziyyət çəkən bütün xalqları beynəlxalq hüquq normaları çərçivəsində dəstəkləməklə onlara mənəvi dəstək göstərir. Bu mənada əminliklə demək olar ki, Azərbaycan konkret bir ölkəyə qarşı deyil, insanları öz müqəddəratını təyinetmə hüququndan və azadlığından məhrum edən müstəmləkə sisteminə qarşı mübarizə aparır. Amma Makron bu məsələyə öz ermənipərəst mövqeyindən yanaşmaqdadır.  Hətta Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda suçlamağa çalışır. Yerli televiziya kanallarına müsahibəsində bu məqama toxunan Prezident İlham Əliyev çox haqlı olaraq bildirib:  “Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb”.

Qvami Məhəbbətoğlu, “İki sahil”