09 yanvar 2025 17:32
132

Azərbaycanın 2024-cü ildə iqtisadi uğurları, beynəlxalq əlaqələri və regional təhlükəsizlik perspektivləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə, 2024-cü ilin sosial-iqtisadi yekunları, beynəlxalq əlaqələr, regional təhlükəsizlik və digər mühüm məsələlərlə bağlı ətraflı məlumatlar təqdim edib. Müsahibə zamanı müxtəlif sahələrdə əldə edilmiş uğurlar və qarşıda duran vəzifələr izah edilərək, Azərbaycanın cari mövqeyi və gələcək planları geniş şəkildə şərh edilib.

Göstəricilər Azərbaycan iqtisadiyyatının dayanıqlığını təsdiqləyir

Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri, COP 29 Təşkilat Komitəsinin üzvü Gülşən Axundova sözügedən müsahibə ilə bağlı “İki sahil”ə özəl açıqlamasında diqqətə çatdırdı ki, 2024-cü il Azərbaycanın iqtisadi inkişafı baxımından uğurlu il oldu: ”İqtisadiyyatın inkişafı, xüsusilə qeyri-neft sektorunda, diqqətəlayiq göstəricilərlə müşahidə olunub. Qeyri-neft sektorunda 6 faizdən çox, qeyri-neft sənaye sektorunda isə 7 faizdən çox artım qeydə alınıb. Bu göstəricilər, Azərbaycan iqtisadiyyatının dayanıqlığını və diversifikasiyasını nümayiş etdirir. İqtisadi inkişaf uzunmüddətli islahatlar, şəffaflıq və inhisarçılığa qarşı mübarizə nəticəsində mümkün olub. Beynəlxalq reytinq agentliklərinin müsbət qiymətləndirmələri də bu inkişafın təsdiqidir. Maliyyə vəziyyətinin yaxşılaşması da vurğulanaraq, valyuta ehtiyatlarının təqribən 5 milyard dollar artaraq 72 milyard dollara çatdığı qeyd edilib. Bu, ölkənin maliyyə dayanıqlığını və iqtisadi müstəqilliyini artıran mühüm bir göstəricidir. Xarici borcun ümumi daxili məhsulun cəmi 7.2 faizini təşkil etməsi isə Azərbaycanın maliyyə sahəsində dünya liderləri sırasına daxil olduğunu göstərir”.

COP29 uğurla həyata keçirildi

G.Axundova vurğuladı ki, müsahibə zamanı dövlətimizin başçısını COP29 konfransına hazırlıqların çətinliklərə baxmayaraq, uğurla həyata keçirildiyini bildirib. Bakının ev sahibliyi etdiyi bu tədbir, Azərbaycan üçün beynəlxalq səviyyədə diqqət mərkəzinə çevrilmək üçün unikal bir fürsət idi. Hazırlıq işləri çərçivəsində qısa müddət ərzində 200 min kvadratmetrə yaxın qapalı məkanda infrastrukturun yaradılması təmin edilib. Bu tədbirin müvəffəqiyyəti Azərbaycanın təşkilatçılıq qabiliyyətinin və beynəlxalq tədbirlərə ev sahibliyi etmək bacarığının göstəricisi kimi qiymətləndirilib. Karbon bazarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə razılığın əldə edilməsi mühüm bir uğur kimi vurğulanıb. Bu, illərdir həll olunmayan bir məsələnin Bakıda çözülməsi və beynəlxalq cəmiyyət tərəfindən qəbul edilməsi baxımından əhəmiyyətli bir addım olub.

Həmsöhbətimizin sözlərinə görə, Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində COP29-un əsas mövzularından biri olan iqlim maliyyələşməsi məsələsinə də toxunulub. Konfrans zamanı iqlim maliyyələşməsi üçün nəzərdə tutulan məbləğin üç dəfə artırılaraq 300 milyard dollara çatdırıldığı bildirilib. Bu nailiyyət, Azərbaycanın qlobal iqlim məsələlərində fəal iştirak etdiyini və bu mövzuda liderlik etdiyini göstərir. COP29-un Qlobal Cənub və Qlobal Şimal arasında etimadın artırılması və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm bir platforma olduğu qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatındakı təcrübəsi və Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri, bu tədbirdə uğur qazanmasına mühüm töhfə verib.

Fransa və Avropa Komissiyasının uğursuzluğu...

Gülşən Axundova bildirdi ki, dövlətimizin başçısının sözügedən müsahibəsində COP29-a bəzi Avropa liderlərinin, xüsusilə Fransa prezidenti və Avropa Komissiyası prezidentinin qatılmaması tənqid edilib. Bu boykot cəhdlərinin uğursuz olduğu və tədbirin müvəffəqiyyətinə təsir etmədiyi vurğulanıb. Səksən dövlət və hökumət başçısının iştirak etməsi, Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirib. Azərbaycanın yaşıl enerji keçidi və yaşıl gündəliklə bağlı planları da açıqlanıb. Yaşıl enerji layihələrinin genişləndirilməsi və qlobal yaşıl keçidə uyğunlaşma istiqamətində ciddi addımlar atıldığı bildirilib. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə töhfə verməyə davam etdiyini göstərir. Ümumilikdə, COP29 konfransı, Azərbaycanın beynəlxalq səviyyədə iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakını və bu sahədə liderlik iddiasını nümayiş etdirib. Müsahibə, bu sahədəki prioritetləri və gələcəkdə atılacaq addımları geniş şəkildə izah edir.

Gülşən Axundova qeyd etdi ki, Prezident yerli televiziya kanallarına  müsahibəsi əsnasında Azərbaycanın beynəlxalq arenadakı mövqeyi də geniş şəkildə müzakirə olunub. D-8 təşkilatına üzvlüyü, ölkənin beynəlxalq nüfuzunun artması baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilib. D-8 təşkilatına üzvlük, Azərbaycanın iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığını daha da genişləndirmək imkanı verir. Bu, beynəlxalq təşkilatlarda fəal iştirakın və mövqeyin gücləndirilməsinin növbəti nümunəsi kimi təqdim olunub.

Həmsöhbətimizin sözlərinə görə, sözügedən müsahibədə Ermənistanla əlaqələr və sərhəd məsələlərindəki son inkişaflara toxunularaq, Qazax rayonunun dörd kəndinin geri qaytarılması vurğulanıb. Bu uğur, güclü mövqe və strateji yanaşmanın nəticəsi kimi təqdim edilib. Vətən müharibəsinin nəticələri və antiterror əməliyyatları, Ermənistanın işğalçılıq siyasətindən vaz keçməsinə səbəb olub. Təhlükəsizlik və hərbi sahədəki məsələlərə də xüsusi diqqət yetirilib. Ermənistanın silahlanma siyasətinin regionda yeni təhdidlər yaratdığı qeyd edilib. Buna cavab olaraq, təhlükəsizlik sahəsinə düdcədən ayırmalar artırılıb və bu istiqamətdə 8,4 milyard manat vəsait nəzərdə tutulub.

Azad edilmiş ərazilərin bərpasına xüsusi önəm verilir

Müsahibədə İranla olan münasibətlərə də diqqət çəkilib. İranın Qarabağ müharibəsi sonrası davranışları, iki ölkə arasındakı gərginliyin əsas səbəbi kimi göstərilib. Azərbaycanın ərazi bütövlüyünə qarşı İranın qanunsuz hərəkətləri və bu hərəkətlərin dayandırılması ilə bağlı edilən xəbərdarlıqlar nəticəsiz qalıb. Bu, Azərbaycan-İran münasibətlərində gərginliklərin artmasına səbəb olub. Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpasına xüsusi önəm verilib. Üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması və Qarabağın sürətli bərpası proseslərinin həyata keçirilməsi diqqətəlayiqdir. Bütün yaşayış məntəqələrinin layihələndirilməsi və tikilməsi ən yüksək standartlara uyğun aparılır. Bu, sosial-iqtisadi inkişafı daha da sürətləndirmək məqsədilə həyata keçirilən strateji yanaşmanın bir hissəsidir.
Gülşən Axundova diqqətə çatdırdı ki, ümumilikdə, Prezidentin müsahibədə əks olunan fikirləri ölkənin gələcək inkişaf perspektivlərini əks etdirir. Azərbaycanın daxili və xarici siyasətində göstərilən uğurlar və səmərəli idarəetmə, ölkənin davamlı inkişafına zəmin yaradır.

Yaqut Ağaşahqızı, “İki sahil”