Bu gün həssas və mühüm inkişaf sahəsi sayılan təhsildə dinamik dəyişikliklər, müasir islahatlar aparılır. İslahatlarda təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar, yeni stereotiplər formalaşır, diqqət və qayğı artırılır. Təlim-tərbiyənin, təhsilin komponentləri, faydalanan hədəf qrupları, iştirakçılar və idarəedicilər dəqiqləşdirilir, vəzifə, məsuliyyət və hüquqlar dəyərləndirilir. Pedaqoji heyətin, müəllimin imkanları ilə yanaşı, alternativ imkanlar araşdırılır. Bu istiqamətdə Ali təhsil müəssisələrinin məktəblərin təlim-tədris prosesinə cəlb etmək üçün yeni modullar düşünülür, bu sahədə maarifçilik və praktik tədbirlər həyata keçirilir.
Təbii, Ali və orta məktəblər arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, bu işin metodika və metodologiyasının təkmilləşdirilməsi, bütövlükdə təhsilin, xüsusilə də pedaqoji təhsilin keyfiyyətinin yüksəldilməsi üçün birgə səmərəli fəaliyyətə təsir edir.
Bu mənada Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Bakı şəhəri Lökbatan qəsəbəsi Neftçi Qurban Abbasov adına 288 nömrəli tam orta məktəb arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair ali təhsil müəssisəsinin təklifi xüsusi diqqətə layiqdir.
Proqram çərçivəsində məktəbin innovativ təşəbbüslərinin dəstəklənməsi və yaradıcı ideyalarının reallaşdırılması üçün münbit şəraitin yaradılması məqsədilə ötən ilin oktyabr ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbəri ilə görüş keçirilib. Tədbirdə çıxış edən universitetinin rektoru Vazeh Əskərov bildirmişdir ki, belə tədbirin əsas məqsədi məktəbdə şagird nailiyyətinin artırılması, öyrədici və dəstəkləyici mühitin yaradılması, həmçinin pedaqoji heyətin peşəkar inkişafına dəstəyin göstərilməsidir. Eyni zamanda gələcək neftçi kadrların yetişməsi, məktəblilərdə bu peşəyə həvəsin yaradılması, ADNSU haqqında şagirdlərin məlumatlanması məqsədilə 288 nömrəli tam orta məktəblə rəhbərlik etdiyi ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin yaradılması ilə əlaqədar məktəbin müəllim və təhsilalanları universitetə dəvət etmişdir.
Məktəbdə keçirilən kimya, fizika və riyaziyyat fənlərin tədris metodikasının təkmilləşdirilməsi sahəsində müəllimlərə kömək məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstə ilə öyrədici təlimlərin, açıq dərslərin, təcrübi konfransların və “dəyirmi masa”ların təşkili, ADNS-nun professor-müəllim heyətinin bu tədbirlərdə fəal iştirakı nəzərdə tutulmuşdur.
Məsələ ilə əlaqədar ötən ilin dekabrın ayının sonunda məktəbdə Universitetin professor-müəllim heyətinin bir qrup üzvü həmin təhsil müəssisənin pedaqoji işçilərinin iştirakı ilə məktəbin texniki təmayül 10c və 10t sinfilərdə açıq dərslər keçirilmisdir.
Dərslərdə məktəbin direktoru Aygün Hüseynova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Aygün Əsədova və Şəhla Mirzəyeva, məktəbin kimya müəllimləri Sənubər Hüseynova, Könül Məhərrəmova iştirak etmişlər. İlk dərs ADNSU-nın müəllimi, kimya elmləri namizədi Mehparə Adıgözəlovanın rəhbərliyi ilə “Oksidləşmə reduksiyə reaksiyalarının xüsusi halları“ mövzusunda keçirilmişdir. İkinci dərs isə universitetin müəllimi, kimya üzrə fəlsəfə doktoru Leyla Vəzirova tərəfindən “Oksidləşmə reduksiya reaksiyalarının növləri“ mövzusunda aparılmışdır. Hər iki dərs qarşılıqlı müzakirə formasında aparılmış, şagirdlər tərəfindən müəllimlərə verilən suallar cavablandırılmışdır.
Dərslərin yekunu ilə bağlı keçirilən müzakirə zamanı müvafiq məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmış, mövcud problemlər və onların həllinə dair fikirlər söylənmişdir. Aşıq dərslərin geniş təhlili ilə bərabər, bu ənənənin ali və orta məktəb müəllimləri üçün əhəmiyyətli olduğu vurğulanaraq, qeyd edilmişdir ki, belə dərslər Universitetlə məktəb arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və yüksək bacarıqlı kadrların yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi, dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması, gələcəkdə abituriyentlər öz maraq dairələrinə uyğun ixtisaslara sahib olması və onların daha peşəkar kadr olmlarına bu layihənin məqsədlərindəndir.
Rövşən Ağayev