05 yanvar 2025 16:33
210

Petrosyan kimi canilərin məkrli planları 30 ildən sonra darmadağın edildi

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan 32 il əvvəl azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırım faktlarını etiraf edib. O, 1993-cü il “Yerkrapa” terror təşkilatının üzvlərilə görüşü zamanı açıq şəkildə Ermənistan və Qarabağın başqa millətlərdən, yəni azərbaycanlılardan silah gücünə tamamilə təmizləndiyini və bunun “600 illik problem” olduğunu bildirib.

Bununla Petrosyan iddia edir ki, “1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması başlamasaydı, onun ölkəsi müstəqil ola bilməzdi...” Petrosyan  Qərbi Azərbaycandakı üç rayonda - Vardenis, Masis və Amasyada, eyni zamanda Zəngəzurda azərbaycanlıların çoxluq təşkil etdiyini bildirib. Onun qənaətincə, bu fakt  Zəngəzuru, şimal-şərq rayonları, Göyçə gölünün sahillərini “qorumaqla bağlı çətinliklər yaradırmış”. Onun fikirlərindən aydın olur ki, adıçəkilən ərazilərdə bir neçə muxtariyyət yarana bilərdi. Amma silah gücünə azərbaycanlıların qovulmasına  nail olunub və “bu problem həll edilib”. Bu, Azərbaycan xalqına qarşı nifrətin və işğalçılıq siyasətinin açıq etirafıdır. Petrosyanın bu etirafı Ermənistanın azərbaycanlıları qovmaq hesabına monoetnik ölkə yaratmaq siyasətini bir daha təsdiqləyir. Əslində Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququna mane olan Ermənistan bu gün də eyni cinayətkar siyasəti davam etdirir.

Ter-Petrosyanın həmçinin Sumqayıt və Bakıdakı qırğınlara dair də etirafı var. O, bildirib ki, “bu qırğınlar ermənilərin Ermənistana kütləvi köçünü təşkil etmək və ölkə əhalisinin sayını artırmaq məqsədilə edilib.”

Özünü “demokrat” adlandıran Petrosyanın bu faşist mahiyyətli yanaşması digər sabiq prezident Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Valla müsahibəsində Xocalı soyaqırımı ilə bağlı etirafından zərrə qədər fərqlənmir. Sarkisyan öz etirafında “stereotipi qırdıq” söyləməklə mülki azərbaycanlılara qarşı  soyqırım törədikləri üçün öyündüyü kimi, Petrosyan da “azərbaycanlılarsız Ermənistan və azərbaycanlılarsız Qarabağ” ideologiyası ilə öyünür və bunun erməni milli hərəkatının əsas hədəfi olduğunu etiraf edir.
Petrosyan və Serj Sarkisyan başda olmaqla Ermənistan rəhbərlərinin məkrli planları məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən iflasa uğradıldı. Qondarma demokratların, terrorçu səhra komandirlərinin planları darmadağın edildi. Tarixi torpaqlarımız 30 ilə yaxın davam edən işğaldan azad edildi. Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzur öz tarixi sahiblərinə qayıdıb, Azərbaycanın hər yerində üçrəngli bayrağımız dalğalanır. Yeni  hədəfimiz isə növbəti tarixi ədaləti – soydaşlarımızın Qərbi Azərbyacana qayıdışını bərpa etməkdir. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq zəmanət mexanizmi olmalıdır. Onların fərdi və kollektiv hüquqları təmin edilməlidir.
Petrosyan kimi canilərin etirafları isə təbii ki, beynəlxalq hüquq çərçivəsində təhlil edilməli və azərbaycanlılara qarşı məqsədli şəkildə törədilmiş etnik təmizləmə, soyqırım cinayətləri ilə bağlı müvafiq addımlar atılmalıdır.

Nigar Məmmədova,
Milli Məclisin deputatı