11 dekabr 2024 10:43
478

YAP Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev Məktəbi”nin ilk məşğələsi keçirilib

YAP Sumqayıt şəhər təşkilatında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə gənclər arasında maarifləndirmə işini təşkil etmək, dahi liderin irsini təbliğ etmək məqsədilə yaradılmış ənənəvi “Heydər Əliyev Məktəbi”nin ilk məşğələsi keçirilib. Məktəbin ilk məşğələsində YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və şəhərin fəal gəncləri arasından seçilmiş dinləyiciləri iştirak ediblər.

İlk öncə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Sumqayıt şəhər təşkilatının sədri məktəbin məramı, dinləyicilərin seçilməsi, dərslərin proqramı ilə bağlı məlumat verib, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin əsrlər boyu öyrəniləcəyini bildirib.

Əvvəlcə Ramiz Hüseynov “Yeni Azərbaycan Partiya dünənin, bu günün və sabahın partiyasıdır” mövzusulu məruzəsi ilə məktəbin ilk dərsinə start verib. Ramiz Hüseynov bildirib ki, yarandığı gündən YAP-ın məramı Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və hörmətli prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən proqramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 32 ildə öz proqramına uyğun fəaliyyət göstərib. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Ulu öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Sədr qeyd edib ki, Ulu öndər Heydər Əliyevin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin sədrlik etdiyi, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində də gənclər siyasəti xüsusi əhəmiyyətə malikdir. Azərbaycan gəncləri arasında Vətənə sevgi ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur. Təsadüfü deyil ki, hər il Yeni Azərbaycan Partiyasının siralarına daxil olan minlərlə vətəndaşın böyük hissəsi gənclərdən ibarətdir.

Məruzəsinin sonunda gənclərin fikirlərini dinləyib, suallarını cavablandıran Ramiz Hüseynov qeyd edib ki, Azərbaycan gəncləri Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşib.

Orxan Vahidoğlu, "İki sahil"