20 oktyabr 2026 12:07
116

Milli Məclisin sədri: TÜRKPA çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk

Oktyabrın 20-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının iclası keçirilib.

“İki sahil” xəbər verir ki,  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, parlamentin sədri Sahibə Qafarova iclasda çıxış edib. Çıxışında ötən dövr ərzində görülmüş işlərin təşkilatın fəaliyyətinin daha da güclənməsinə töhfə verdiyini vurğulayan Azərbaycan parlamentinin sədri deyib ki, 14-cü plenar iclasdan sonra keçən dövr bir sıra məqamlarla əlamətdar olub.

S.Qafarova sədri bildirib ki, TÜRKPA-nın üzərinə tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın maraqlarına parlament diplomatiyası çərçivəsində xidmət edilməsi kimi mühüm missiya düşür. Milli Məclis TÜRKPA çərçivəsində iş birliyinə böyük əhəmiyyət verir.

Qeyd olunub ki, Azərbaycan parlamentinin nümayəndə heyəti TÜRKPA-nın komissiyalarının iclaslarında, müxtəlif mövzulara həsr edilən tədbirlərində, model qanunların hazırlanmasında, seçki müşahidə missiyalarının işində yaxından iştirak edib. Həmçinin Milli Məclis TÜRKPA-nın beynəlxalq fəaliyyətinin gücləndirilməsi, digər parlamentlərarası təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması üçün də təşəbbüs göstərir.

Eyni zamanda, Sahibə Qafarova təşkilatın yeni Baş katibi Ramil Həsənin TÜRKPA-nın fəaliyyətinin gücləndirilməsi, münasibətlərinin inkişafı naminə gördüyü işləri təqdir edib. O, TÜRKPA-nın Bakıda yerləşən katibliyinin fəaliyyətinin daim Milli Məclisin diqqətində olduğunu qeyd edib və bundan sonra da katibliyə fəal dəstək göstəriləcəyini bildirib.

İclasda, həmçinin üzv ölkələrin parlamentlərinin sədrləri çıxış edərək, gündəlikdəki məsələlərə münasibət bildiriblər.