27 noyabr 2024 15:41
622

Uşaqlarda telefon və oyun asılılığı nədən yaranır? - EKSPERT AÇIQLAYIR

Texnologiyalar artıq həyatımızın ayrılmaz bir hissəsinə daxil olub və bugün biz texnologiyalar olmadan əksər işlərimizi həll edə bilmirik. Başqa sözlə, bu gün texnoloji vasitələrin həyatımızdakı əvəzedilməz rolunu heçkim inkar etmir. Demək olar ki, əksəriyyətimiz günümüzün  böyük hissəsini  mobil telefon, planşet və internet resursları ilə xərcləyirik. Lakin təəssüflər olsun ki, son zamanlar bu artıq uşaqlarda da dəb halını alıb. Kiçik yaşlı uşaqların əksəriyyəti bütün gün əlində telefon, planşet səssiz-səmirsiz ya oyun oynayır, ya da internetə daxil olur. Bunlar olmadıqda isə saatlarla televizorun önündən qalxmırlar.

Sözügedən mövzu ilə bağlı bir sıra mühüm məqamlara aydınlıq gətirmək üçün “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə həmsöhbət olduq:

Uşaqlarının telefon və televizor qarşısında çox vaxt keçirməsi...

-Körpələr üçün mobil telefonlarla oynamağın faydaları və riskləri nədir?

-Hələ körpə yaşlarından uşaqları bu vasitələrlə tanış etmək onların fiziki, psixoloji gələcəyinə kölgə sala bilər. Bizə edilən müraciətlər zamanı ilkin konsultasiyalarda valideynlərin ən çox şikayət etdiyi mövzulardan biri də uşaqlarının telefon və televizor qarşısında çox vaxt keçirməsidir. Nəticədə bu hal uşaqlarda və yeniyetmələrdə bəzi psixoloji halların yaranmasına səbəb ola bilir. 
Uşaqda ilk olaraq hiperaktivliyin, yəni şəxsin həddindən artıq fəallığı, davranışlarına nəzarət edə bilməməsi və uzun müddət diqqətini toplaya bilməməsi ilə bağlı bir durumunun artmasına gətirib çıxarır. Çünki telefonda və televizorda gördüyü qeyri-adi hərəkətlər və davranışlardan sonra uşaqda hiperaktivlik artır. Ekran qarşısında saatlarla vaxt keçirən uşaq digər insanlarla kifayət qədər ünsiyyət qurmadığı üçün onların duyğularını və düşüncələrini bilmir.
Telefon və televizora çox vaxt ayıran uşaqda davranış pozuntuları da meydana gələ bilir.. Uzun müddət telefon və  televizorda cizgi filmlərinə baxan uşaqların beyinlərini dondurur və onun inkişafının ləngiməsinə gətirib çıxarır. Yəni onda psixoloji və zehni cəhətdən ləngimələr olur. Ona görə də bu, ən böyük problemlərdən biridir.
Sözsüz ki, müasir texnologiyalar ancaq zərərli və riskli tərəfləri yoxdur. Bəzi uşaqların inkişafı üçün bu vasitələr dəstəkdir. Əlbəttə ki, düzgün, səmərəli və müəyyən zaman kəsiyində bu texnoloji vasitələrdən istifadə edərək gözəl nəticələr əldə oluna bilər. 
Uşaqların məntiqinə, yaddaşına, koordinasiyasına müsbət təsir edən proqram və müxtəlif oyunlar mövcuddur. Onların vasitəsi ilə uşaqları oxumağı, rəqəmlərlə tanış etməyi, xarici dilləri öyrətmək mümkündür. Uşaq evdə oturaraq dünyanın müxtəlif  görməli yerləri ilə, tarixi hadisələrlə tanış ola bilər. Uzaqda yaşayan dost və qohumlarla ünsiyyət  yarada bilər. İnternet uşağın təhsilində əvəzolunmaz köməkçi ola bilər. O, istənilən informasiyanı istənilən vaxtda əldə etməkdə uşağın böyük yardımçısıdır. Unutmaq lazım deyil ki, biz yüksək texnologiyalar və informasiya əsrində yaşayırıq.

Uç yaşınadək uşaqların ekran qarşısında vaxt keçirməməsi daha məqsədəuyğundur

- Uşaqlara neçə yaşından telefon verilməlidir və hansı şərtlərlə?

- Qeyd etdiyim kimi, uşaqlara texnoloji vastələri tam qadağa etmək demək olar ki, mümkünsüzdür. Buna baxmayaraq, diqqət edilməli məqamlar vardır ki, onlara nəzər yetirməliyik. Aparılan araşdırmalar və təcrübələr sübut edir ki, üç yaşınadək uşaqların ekran qarşısında vaxt keçirməməsi daha məqsədəuyğundur. O yaşlarda daha çox digər alternativ fəaliyyətlərlə və valideynlərin, yaxınların iştirakı ilə məşğul olunmalıdır. 7-11 yaşınadək uşaqlara mobil telefonların verilməməsi tövsiyə olunsa da, əlaqə və digər səbəblərlə mobil telefon həmin yaşlı uşaqlarda rast gəlinir. Bu səbəbdən, daha az funksiyalı telefon işlədilməsi uyğun hesab olunur. Digər tərəfdən isə uşaq və yeniyrtmələrin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər olmalıdır. Bu gün bəzi ölkələrdə sosial şəbəkələrə daxil olmaq üçün qadağalar, məhdudiyyətlər vardır və düşünürəm ki, bu məsələyə bizdə də diqqət artırılmalıdır.

Mobil telefon, internet asılılığı əslində özünəqapanıqlığın bir formasıdır

- Uşaqlarda telefon və oyun asılılığı nədən yaranır? Bunun qarşısını necə alaq?

-Uşaqlarda internet və mobil vasitələrə yaranan bağlılıq  birmənalı olaraq ailədən qaynaqlanır. Bəzən uşaq ailədə sevgi doyumsuzluğu, diqqət əskikliyi hiss edir. Valideyn  öz uşağı ilə  maraqlanmır və nəticədə bu onlarda belə bir asılılıq yaradır. Əgər internet asılılığı varsa, bu problemin kökü mütləq şəkildə valideyndən  qaynaqlanır. Uşağı yetişdirən, onu formalaşdıran ailədir. Bu asıllıq insanın  istənilən yaş dövründə  ünsiyyət problemi, özünəqapanıqlıq, depressiya, stress kimi  problemlər yarada bilir. Uşaqlar internetdə vaxt keçirməklə diqqətsizliyi, ailədəki  gərginliyi unutmağa çalışır və bununla o öz başını qatdığını zənn edir. Lakin  o, ikiqat narahatlıq qazanmış olduğunu dərk etmir. İnternet, kompyuter, planşetlər uşaqlarda aqressiya formalaşdırır. Valideynlərin ən böyük səhvi odur ki, ya uşaqlara internetin istifadəsinə tam qadağa qoyurlar, ya da onların saatlarla internetdə olmasına göz yumurlar. Virtual aləm tədricən dünyanın bütün ölkələrini əhatə edir. Bu səbəbdən uşaqlara internetdən istifadə etmək qadağası qoymaq mənasızdır. Problemin qarşısını almaq  üçün valideyn öz övladına dəstək olmalıdır. Təəssüflər olsun ki, bu, hər ailədə belə deyil. Valideyn qayğısı görən uşaq demək olar ki,  texnoloji alətlərə, internetə meyl  etmir. Bu qayğını görməyən uşaqlar öz problemlərini texnologiya vasitəsi ilə unutmağa, gizlətməyə  çalışırlar. Mobil telefon, internet asılılığı əslində özünəqapanıqlığın bir formasıdır.

Özləri də bilmədən övladlarının gələcəyini şübhə altına alırlar

-Valideynlər uşaqların telefonla vaxt keçirməsinə niyə imkan yaradırlar?

-Bəzən valideynlər uşağın sakitliyini təmin etmək, yaxud yeməyini yedirmək üçün uşağın əlinə mobil telefon verir. Əslində isə özləri də bilmədən övladlarının gələcəyini şübhə altına alırlar. Zaman keçdikcə artıq bu, uşaqlar üçün asılılığa çevrilir. Bu gün bir çox uşaqlar müxtəlif sosial, iqtisadi və digər səbəblərdən öz valideynləri ilə emosional kontakt qura bilmir, onlarla birgə vaxt keçirmirlər. Nəticədə isə uşaq ehtiyaclarını texnoloji vasitələrlə dəyərləndirməyə başlayır. Zaman keçdikcə ehtiyacdan asılılığa keçən bu mərhələdə uşaqların davranışlarında dəyişkənliklər müşahidə olunmağa başlayır.

Uşaqları belə hallardan qorumaq üçün ilk növbədə...

-Valideynlər bu məsələdə necə hərəkət etməlidirlər? Uşaqların internetdən məhdudiyyətsiz istifadəsinin necə qarşısını almalı?

-Bir psixoloq kimi qeyd etməliyəm ki, Mərkəzimizə bu səbəblə müraciət edən uşaqlarla bərabər, onların valideynlərinə də xüsusi poqramlar hazırlayıb təqdim edirik. Uşaqları belə hallardan qorumaq üçün ilk növbədə sağlam ailə mühiti təşkil edilməlidir. Uşaqlarlarla maraqlanmalı, qayğı və diqqət göstərməli, bütün təlabatlarını vaxtlı vaxtında gözəl şəkildə ödəməliyik. Təbii ki, birlikdə vaxt keçirmək dedikdə bahalı restoranlar və ya əyləncəli məkanların olması şərt deyil. Ailə büdcəsinə uyğun şəkildə məkanlara getmək, ev şəraitində müxtəlif maarifləndirici oyunlar oynamaq, birgə tapşırıqlar icra etmək və bu kimi başqa nümunələri göstərə bilərik. Hər bir valideyn uşaqları ilə dost olmalı, onları tənqid etmədən, hər hansı pis söz demədən dinləyib qəbul edə bilməliyik ki, uşaqlar da bu sağlam münasibəti virtual aləmdə, oyunlarda axtarmasın.

Yaqut Ağaşahqızı, “İki sahil”