27 noyabr 2024 00:42
79

İqlim böhranı ilə mübarizədə yeni başlanğıc - COP29

Azərbaycanda qəbul edilən qərarlar ölkələrin iqlim böhranı ilə mübarizə imkanlarını genişləndirəcək və onlara dəyişən ekoloji şəraitə daha səmərəli uyğunlaşmağa imkan verəcək

Azərbaycanın ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tarixin yaddaşına köçdü. Bu mötəbər iqlim tədbiri indiyədək keçirilmiş COP-ların ən uğurlusu kimi yadda qalacaq.

Birmənalı deyə bilərik ki, Azərbaycanın diplomatik mövqeyinin güclənib geniş miqyas alması, xalqımızın tərəqqisi üçün önəmli olan bu konfrans həm də dünyada dayanıqlı və “yaşıl” gələcək qururlmasına zəmin yaratdı. Bu, həm də ölkəmizin hazırda aktuallığı heç vaxt olmadığı qədər artan iqlim çağırışlarına həssas yanaşmasını ifadə edir.  COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.  Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.

Bakının ev sahibliyi etdiyi tədbir, heç şübhəsiz ki, COP tarixində ən nəticəyönümlü konfranslardan biri kimi qalacaq. Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması COP29-un ən böyük uğurlarından biridir. Bakı Maliyyə Məqsədi inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Bu məbləğ inkişaf etməkdə olan ölkələrin yaşıl enerji keçidi və dayanıqlı infrastruktur quruculuğunda əhəmiyyətli rol oynayacaq.

Bu tarixi razılaşma yalnız hazırkı dövr üçün deyil, həm də qarşıdakı illər üçün möhkəm zəmin yaradır. Sammit iştirakçılarının qarşıdan gələn dövrdə bu hədəfi daha da artırmaq üçün göstərdikləri iradə qlobal əməkdaşlığın gücünü əks etdirir.

Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.

Məlum olduğu kimi, Paris Sazişinin karbon emissiyalarının ticarəti və karbon vergilərini özündə ehtiva edən 6-cı maddəsi uzun illər idi ki, iqlimlə bağlı tədbirlərin əsas mövzusu idi. Hətta ötən il Dubayda keçirilmiş COP28 zamanı sözügedən maddənin razılaşdırılmasına böyük ümidlər bəslənilsə də bu, mümkün olmadı. Bu da qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə əlavə vəsaitin cəlb edilməsinə mane olurdu. Azərbaycan paytaxtında isə tərəflər bu sazişin 6.2, 6.4 və 6.8-ci maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tam nəzarəti altında fəaliyyətinə “yaşıl işıq” yandırdılar. Xatırladaq ki, bu maddə ölkələr arasında mitiqasiya tədbirlərinin nəticələrinə dair əməkdaşlıq edilməsini nəzərdə tutur. Belə ki, dövlətlər karbon qazlarının emissiyasının azaldılması və bu qazların meşələr vasitəsilə emal edilməsi üzrə həyata keçirdikləri tədbirləri barədə bir-birinə hesabat verməli, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrində bunu göstərməlidirlər. Yeri gəlmişkən, Dünya Bankının “2024-cü ildə karbon qiymətlərinin vəziyyəti və trendləri” adlı icmal hesabatına əsasən, beynəlxalq təcrübədə birbaşa və dolayı qiymətləndirmə mexanizmlərinin tətbiqi geniş yayılıb.

Paris Sazişinin 6.4-cü maddəsi iqlim fəaliyyətinə dair hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının yaradılması, karbon kreditlərinin verilməsini nəzərdə tutur. Bakı razılaşmasından sonra dövlətlər ikitərəfli deyil, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının cəlb olunması və nəzarəti ilə əməkdaşlığı həyata keçirəcək. Yəni, artıq dövlətlər bir-birlərinə karbon kreditləri sata biləcəklər.

COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu. COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrinin maraqlarına uyğun olaraq adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək. Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu. Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb. Bir sözlə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər.

Dünya miqyaslı bu konfransın ölkəmizdə keçirilməsi Azərbaycan üçün əhəmiyyətli bir hadisə olmaqla yanaşı, müxtəlif sahələrdə tərəqqi əldə etməyimiz üçün də yeni imkanlar yaradır. Dövlət başçımızın fikrincə, COP məkanında aparılmış müzakirələr və əldə edilmiş razılaşmalar Azərbaycan iqtisadiyyatının “yaşıl” texnologiyalara keçidini sürətləndirəcək, enerji sektorunda bərpaolunan mənbələrə üstünlük verilməsi istiqamətində addımların daha geniş miqyasda atılmasına təkan verəcəkdir.

Azərbaycan COP29-a uğurla rəhbərlik etməsi ilə bir daha bütün dünyaya göstərdi ki, beynəlxalq aləmdə ciddi narahatlıq doğuran məsələlərin müzakirəsi üçün əlverişli məkan, ən mürəkkəb, genişmiqyaslı tədbirləri yüksək səviyyədə təşkil edə və zəruri nəticələrin reallaşdırılmasına dəyərli töhfələr verə bilən bir ölkə, ideal bir platformadır.

Yaqut Ağaşahqızı, “İki sahil”