02 iyun 2026 23:16
163

Qeyri-neft ixracında yeni mərhələ: Azərbaycan iqtisadiyyatında şaxələndirmə öz bəhrəsini verir

Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin artdığı, enerji bazarlarında qiymət dalğalanmalarının davam etdiyi bir dövrdə ölkələrin dayanıqlı inkişafı üçün iqtisadiyyatın şaxələndirilməsi əsas prioritetlərdən biri hesab olunur. Xüsusilə təbii resurslarla zəngin dövlətlər üçün qeyri-neft sektorunun inkişafı artıq alternativ deyil, strateji zərurətə çevrilib. Son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ixracın təşviqi mexanizmləri, aqrar və sənaye parklarının yaradılması, logistika imkanlarının genişləndirilməsi məhz bu məqsədə xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri də qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılmasıdır. Bu istiqamətdə qəbul edilən Dövlət proqramları, sahibkarlığa göstərilən dəstək, istehsal və emal müəssisələrinin yaradılması öz nəticələrini verməkdədir. Son statistik göstəricilər də Azərbaycanın qeyri-neft ixracının artıq daha dayanıqlı və rəqabətqabiliyyətli mərhələyə qədəm qoyduğunu göstərir.

Qeyri-neft ixracı yeni inkişaf mərhələsinə qədəm qoyur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi son “İxrac icmalı” bu baxımdan diqqətçəkən mənzərə ortaya qoyur. Belə ki, 2026-cı ilin ilk dörd ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 1,1 milyard ABŞ dollarına çatıb. Bu artım yalnız statistik göstərici deyil, eyni zamanda, iqtisadiyyatın strukturunda baş verən keyfiyyət dəyişikliklərinin göstəricisi kimi qiymətləndirilə bilər.

Cari ilin yanvar-aprel aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfə, pambıq iplik 2,3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71%, pambıq lifi 49,9%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan məmulatlar 32,2%, çay 12,1%, spirtli və spirtsiz içkilər isə 9,4% artıb.

Hesabatdan da görünür ki, ən yüksək artım tempini nümayiş etdirən məhsullar arasında şəkər, pambıq ipliyi, pambıq lifi, bitki və heyvan mənşəli yağlar, meyvə-tərəvəz məhsulları, alüminium məmulatları və çay xüsusi yer tutur. Şəkər ixracının dörd dəfə artması, pambıq ipliyi ixracının isə 2,3 dəfə yüksəlməsi ölkədə emal sənayesinin genişlənməsinin və əlavə dəyər yaradan istehsal sahələrinin güclənməsinin göstəricisidir.

Aqrar və aqrar-sənaye məhsullarının payının yüksəlməsi diqqət çəkir

Qeyri-neft ixracının strukturunda aqrar və aqrar-sənaye məhsullarının payının yüksəlməsi də diqqət çəkir. 2026-cı ilin yanvar-aprel aylarında aqrar məhsullar üzrə ixrac 28,3% artaraq 298,3 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 31,6% artaraq 119 milyon ABŞ dolları təşkil edib. Cari ilin yanvar-aprel aylarında bu kateqoriya üzrə ixracın 29,1 faiz artaraq 417,3 milyon ABŞ dollarına çatması kənd təsərrüfatı ilə sənaye istehsalı arasında əlaqələrin gücləndiyini göstərir. Bu isə təkcə ixrac gəlirlərinin artması deyil, regionlarda məşğulluğun genişlənməsi, yeni istehsal zəncirlərinin formalaşması və kənd təsərrüfatının sənayeləşməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (131,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq lifi (92,9 milyon ABŞ dolları) ikinci, mis filizləri (87,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 2026-cı ilin aprel ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (35,89 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq lifi (35.83 milyon ABŞ dolları)  ikinci, tomat (30 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Qeyri-neft ixracının coğrafiyasına nəzər saldıqda Azərbaycanın ənənəvi bazarlarla yanaşı, yeni istiqamətlərdə də mövqelərini gücləndirdiyi görünür. Rusiya, Türkiyə və Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşları olaraq qalır. Bununla yanaşı, İsveçrə kimi yüksək alıcılıq qabiliyyətinə malik bazara ixracın yüksək səviyyədə olması Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət imkanlarının artdığını göstərir. 2026-cı ilin yanvar-aprel aylarında Rusiya Federasiyasına 306,6 milyon ABŞ dolları, Türkiyəyə 219,2 milyon ABŞ dolları, Gürcüstana 175,8 milyon ABŞ dolları, İsveçrəyə 139,5 milyon ABŞ dolları, Ukraynaya isə 56 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2026-cı ilin təkcə aprel ayında Rusiya Federasiyasına 94,9 milyon ABŞ dolları, Türkiyəyə 79,3 milyon ABŞ dolları, Gürcüstana 55,1 milyon ABŞ dolları, İsveçrəyə 36,1 milyon ABŞ dolları, Ukrayna 13,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarına "SOCAR Polymer" MMC başçılıq edir

İxrac göstəricilərində diqqəti cəlb edən digər məqam dövlət və özəl sektor əməkdaşlığının nəticələridir. Özəl şirkətlərin qeyri-neft ixracında fəal iştirak etməsi sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən siyasətin effektivliyindən xəbər verir. Eyni zamanda, “SOCAR Polymer”, “AzerGold”, “Azəralüminium” kimi dövlət şirkətlərinin ixrac fəaliyyətində aparıcı mövqeləri sənaye istehsalının və emal sahələrinin iqtisadiyyatdakı rolunun artdığını nümayiş etdirir. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "SOCAR Polymer" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ATSC, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC.

Yüksək texnologiyalar və yeni bazarlar ixracın gələcəyini formalaşdırır

Maraqlı məqamlardan biri də xidmət ixracı ilə bağlıdır. “Azərkosmos” tərəfindən 32 ölkəyə telekommunikasiya xidmətlərinin göstərilməsi və bu fəaliyyət hesabına 8,7 milyon ABŞ dolları gəlir əldə olunması Azərbaycanın artıq yüksək texnologiyalar sahəsində də ixrac potensialı formalaşdırdığını təsdiqləyir. Xüsusilə peyk xidmətlərinin Böyük Britaniya, Lüksemburq, Türkiyə və digər ölkələrə satılması ölkənin kosmik sənaye imkanlarının beynəlxalq bazarda qəbul olunduğunu göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı tədricən neft gəlirlərindən asılılığın azaldılması istiqamətində mühüm nəticələr əldə edir. Qeyri-neft ixracında müşahidə olunan artım, aqrar və sənaye məhsullarının xarici bazarlarda mövqelərinin möhkəmlənməsi, həmçinin yüksək texnologiyalı xidmət ixracının genişlənməsi ölkənin iqtisadi dayanıqlılığını gücləndirən əsas amillər sırasındadır. Mövcud dinamikanın qorunması və yeni bazarlara çıxış imkanlarının artırılması isə Azərbaycanın orta və uzunmüddətli iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri olaraq qalacaq.

Orxan Vahidoğlu, “İki sahil”