27 may 2026 19:00
155

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan idman yarışlarının bağlanış mərasimi keçirilib

Mayın 26-da Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən idman yarışlarının bağlanış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdə Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin müdiri, nazirliyin Həmkarlar İttifaqı Təşkilatının sədri Elnur Əliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul əməkdaşları, eləcə də ETİHİ-nin şəhər və rayon komitələrinin sədrləri iştirak ediblər.

Respublikanın ümumi təhsil müəssisələrinin əməkdaşları arasında təşkil olunan yarışların əsas məqsədi təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması, həmkarlar arasında birlik və komanda ruhunun gücləndirilməsi olub.

Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə turnirin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu cür layihələr təhsil camiəsində idman mədəniyyətinin inkişafına, kütləviliyin təmin olunmasına və müəllimlər arasında sosial əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. O, qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bağlanış mərasimində basketbol, voleybol, dama, mini-futbol, stolüstü tennis və şahmat üzrə həm komanda, həm də fərdi hesabda yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılıblar.

Qalib komandalar ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin müdiri, nazirliyin Həmkarlar İttifaqı Təşkilatının sədri Elnur Əliyev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şəhər və rayon komitə sədrləri tərəfindən təltif ediliblər.

Həmçinin yarışların obyektiv, şəffaf və yüksək səviyyədə təşkilində xüsusi peşəkarlıq nümayiş etdirən hakimlər heyətinin nümayəndələrinə də mükafatlar təqdim olunub.