Almaniyanın avtomobil sənayesini bürüyən böhran “Mercedes-Benz” şirkətinə də çatıb.
"İki sahil" xarici KİV-ə istinadla xəbər verir ki, yaxın illərdə istehsalçı öz xərclərini bir neçə milyard avro azaltmağa məcbur olacaq. Şirkəti belə bir addım atmağa ağır iqtisadi vəziyyət və əvvəllər almanlara sabit gəlir gətirən ən böyük avtomobil bazarı olan Çindəki zəifləmə sövq edir.
“Biz yaxın zamanlarda xərclərimizi ildə bir neçə milyard avro azaldacağıq”, - deyə şirkətin sözçüsü bildirib. Lakin o, istehsalçının necə qənaət edəcəyini dəqiq deməyib.
Hazırda Almaniyadakı “Mercedes-Benz” zavodlarında 90 minə yaxın insan çalışır. Şirkətin beş avtomobil zavodu və altı mühərrik istehsalı sahəsi var. Bundan əlavə, onun Avropada - İspaniya, Macarıstan, Polşa və Rumıniyada zavodları fəaliyyət göstərir.
Çətin iqtisadi vəziyyət Avropada avtomobil nəhənglərinin sabitliyini sarsıdıb. “Volkswagen” tarixdə ilk dəfə Almaniyadakı zavodlarını bağlayacaq, “Audi” isə işçilərinin 15 faizini ixtisar edəcək. Elektrikli avtomobillərə tələbatın azalması fonunda “Ford” təxminən 4 min avropalı əməkdaşı ilə vidalaşacaq.