10 noyabr 2024 08:26
258

Üçtərəfli Bəyanat mühüm tarixi anlaşma olmaqla Ermənistanın məğlubiyyətinin təsdiqi idi

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Bu Qələbə isə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda öz təsdiqini tapdı. Üçtərəfli Bəyanat Ermənistan üçün  kapitulyasiya aktı idi və ölkəmizin başçısı  düşməni bu addımı atmağa məcbur etdi. Regionun həm azərbaycanlı, həm də erməni əhalisinin mənafelərinə tamamilə uyğun tərtib edilmiş bu sənəd, daha doğrusu,  razılaşma Ermənistanda heç də normal qarşılanmadı. Bəzi erməni siyasətçiləri ATƏT-in artıq tarixin arxivinə atılmış Minik qrupunun  bu işə müdaxiləsini yenidən istəyirdilər.

Lakin  Prezident İlham Əliyev üçtərəfli Bəyanatdan sonra Minsk qrupunun nümayəndələrinə ehtiyac qalmadığını bəyan edərək demişdir ki, Azərbaycan Ordusunun tarixi Zəfəri regionda yeni reallıqlar yaradıb. Artıq Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir və  itirilmiş ərazilər tamamilə qaytarılıb. Bir sözlə, üçtərəfli Bəyanat göstərdi ki, münaqişə artıq başa çatıb və torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.
Ermənistan hakimiyyəti anlayırdı ki, üçtərəfli Bəyanatın icrasını ləngitmək ölkələri üçün yeni faciələrə və müharibələrə səbəb ola bilər. Lakin bu ölkədəki revanşist qüvvələr məlum Bəyanatdan sonra Ermənistanda etiraz aksiyalarına  başladılar. Onlar  məğlubiyyətlə barışmaq istəməyərək sözügedən Bəyanatın pozulmasını tələb edirdilər. Etirazçıların fikrincə, Nikol Paşinyanı devirdikdən sonra onun yerinə gələcək şəxs Bəyanata əməl etməyə bilər. Şübhəsiz, belə çağırışlar siyasi ekspertlərin də  qeyd etdikləri kimi, özünün ən ağır günlərini yaşayan Ermənistana yaxşı heç nə vəd etmirdi. Çünki bu sənəd regionun həm azərbaycanlı, həm də erməni əhalisinin mənafelərinə tamamilə uyğundur. Bir sözlə, Rusiyanın fəal dəstəyi ilə əldə olunan üçtərəfli Bəyanat münasibətlərin uzun müddətə normallaşdırılması üçün olduqca yaxşı zəmin yaradıb.

Azərbacan Prezidentinin  də dediyi kimi: «Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq.”»
Ümmiyyətlə, üçtərəfli Bəyanatdan sonra bölgədə sülhün və sabitliyin davam etməsi zərurəti yaranmışdı. Çünki Azərbaycan Ordusu  qalib tərəf kimi ümumi vəziyyətə nəzarət edirdi. Lakin bu Bəyanatdan sonra Ermənistan hərbçiləri sərhədlərimizə soxulmağa və yeni-yeni təxribatlar törətməyə çalışsalar da ordumuzun keçirdiyi «Qisas» əməliyyatları ilə onlar məhv edildi. Ali Baş Komandanımzın dediyi kimi, «dəmir yumruq» həmişə hazır vəziyyətdədir və ölkəmizə qarşı həddini aşanların başından elə vurulur ki, bir daha qalxmağa gücü çatmır.

Vətən müharibəsindəki Qələbəmizin əsas təməl daşı isə iqtidar –xalq birliyi oldu. Bu mükəmməl birliyin əsas qayəsi təbii ki,  xalqın öz Sərkərdəsinə inamından qaynaqlanırdı. Xalq Ali Baş Komandanın ətrafında daha sıx birləşdikcə qələbələrimizin möhtəşəmliyi və sayı daha da artırdı. Prezident İlham Əliyev bu barədə deyirdi: « Mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi – yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu
günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq. Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!»
Ümumiyyətlə, Ermənistanı  kapitulyasiya aktını izalamağa məcbur edən Azərbaycan Ordusunun peşəkarlığı və möhtəşəm döyüş taktikası idi. Belə ki, 44 günlük savaşda  ordumuz tərəfindən  5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 2020-ci il noyabrın 8-də isə tariximizin ən şanlı səhifəsi  yazıldı. Həmin gün ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, çox mühüm tarixi hadisə və böyük hərbi Qələbə idi. Ona görə ki, Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.

Dünya hərb tarixinə qızıl hərflərlə yazılan bu ədalətli savaşımız bu gün də beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Ali Baş Komandanımız bu barədə qürurla danışaraq bildirir ki, yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir: « Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.»

Bəli, ordumuz 44 günlük müharibədə çox ciddi hədəflərə çatdı. Xüsusilə bu döyüşlərdə hərbçilərimiz ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi, Bir sözlə,  Azərbaycan Ordusu hərb tarixində yeni döyüş taktikalarının müəllifidir. Yəni, Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər.
Bir sözlə,  noyabrın 10-da üçtərəfli Bəyanatın qəbul olunmasının dörd ii tamam olur. Lakin sənədin hələ də icra olunmayan bəzi məqamları var.  Bu, Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Ermənistan hələ də bu məsələdə tərəddüd edir. Lakin həm beynəlxalq aləmin, həm də Azərbaycanın təzyiqi qarşısında bu dəhlizin açılması da gündəmdədir.

Elçin Zaman, «İki sahil»