12 noyabr 2024 10:24
350

Şanlı Qələbəmiz bizim tarixi nailiyyətimiz və tarixi zəfərimizdir

8 Noyabr - Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq bu tarixin üç əsas qəhrəmanıdır.  

Bu tarixi Zəfərlə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdirdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu, qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik, bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.

Tarixi Zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda, Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır.

Artıq 4 ildir ki, Müzəffər Azərbaycan Ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

30 il ərzində Ermənistanın işğalı altında olan və vandalizm aktına məruz qalan ərazilərimiz azad olunmağa başladı. Noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olunmuşdur.

“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”, - deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir. Dövlətimizin başçısı hələ vaxtilə böyük uzaqgörənliklə vurğulamışdır: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan Ordusu nəinki bölgədə, həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərbi yolla həll edə bilərik”.

44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə nəticəsində düşmən məğlub oldu və ötən ilin sentyabrındakı bir günlük lokal antiterror aksiyasindan sonra isə 30 ildən çox işğal altında qalmış torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Şanlı Qələbəmizin əbədiləşdirilməsi, müharıbədə əsgər və zabitlərimizin şücaətini əyani göstərmək məqsədi ilə 2021-ci il aprelin 12-də Bakıda, Dənizkənarı Milli Parkın ərazisində Hərbi Qənimətlər Parkının açılışı oldu. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olmuş tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Bakı  sakinləri, eləcə də şəhərimizin qanaqları bu parkı ziyarət edərəkVəhət müharıbəsində düşmənə məxsus texnikaların necə məhv edildiyini əyani şəkildə görürlər.

Bu il noyabrın 8-də isə Bakıda Zəfər parkı açılışı olub. Zəfər parkında - şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Müasir üslubda inşa edilən tağ əzəmətliliyi ilə göz oxşayır. Simvolik olaraq tağın hündürlüyü 44 metr, sütunlarının da sayı 44-dür. Həmin gün abidənin açılışını edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də xalqımıza müraciət edib. Qeyd edilib ki, biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

Ölkə başçısı bildirdi ki, “Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi. Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik”. əlavə olaraq bildirilib ki, "2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb”.

Cənab Prezident öz müraciətində bir sıra məsələlərə də toxunub. Bildirib ki, “Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir”.

Erməniztan və onun havadarları bilməlidirlər ki, ölkəmiz bundan sonra da güclənəcəkdir. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib və bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü