10 noyabr 2024 10:55
663

Həlledici nida - ŞƏRH

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan 4  il keçir

2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələri yazıldı. Daha doğrusu, rəsmi Bakı 30 il aktiv fazada davam edən və ən azı 100 il mövcud olmuş problemi 44 gündə həll etməklə dünya hərb və siyasət tarixində bir ilkə imza atdı. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri  çərçivəsində bu qələbəni döyüş meydanında qazandı. Belə ki, 30 il ərzində erməni vandalları tərəfindən qurulmuş istehkamları keçərək  300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrud, Suqovuşan qəsəbələri və digər yaşayış məskənlərimiz döyüş meydanında azad edildi. Düşmənin əksər texnikası məhv olundu, canlı qüvvəsinə cid¬di zərbə vuruldu. Ermənistan ordusu dar¬madağın edildi. Nəticədə Hayastan kapitulyası aktına imza atdı. Halbuki, bu məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki,  münaqişənin hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Amma ərazilərimizi 30 il əsarət altında saxlayan Ermənistana bir dəfə də “buradan çıx get!" deyən olmadı. Bununla da başımızın altına əgər belə demək mümkünsə, yastıq qoymaq istəyirdilər.  Prezident, Müzəffər Ali Baş Komandan sübut etdi ki, bunun hərbi həlli var. Və həll də etdi. Daha doğrusu, bu məsələyə birdəfəlik həlledici nida işarəsi qoydu. “Qarabağ Azərbaycandır və nida”nı, yəni bu Qələbəni  Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanla birgə imzaladığı 10 noyabr Bəyanatı ilə rəsmiləşdirdi. 

Şübhəsiz, bu Zəfərin təminatında Prezident İlham Əliyevlə xalqın birliyi mühüm  rol oynadı. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. Bəli, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya da Azərbaycan xalqımızın birliyinin şahidi oldu.

Doqquz maddədən ibarət üçtərəfli Bəyanata əsasən, Qarabağda təmas xətti və keçmiş Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirildi, Azərbaycan bir güllə belə atmadan, heç bir itki vermədən işğal edilmiş torpaqlarının qalan hissəsini,  yəni Ağdam, Laçın və Kəlbəcər rayonlarını da erməni vandallarından  azad etdi. Prezidet İlham Əliyevin həmin Bəyanatın imzalanmasından sonra xalqa müraciətində dediyi kimi, həmin gün ölkəmiz üçün tarixi gün oldu: “Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”

Bəli, 10 noyabra təcavüzkarın tam məğlubiyyət günü oldu. Ermənistan öz məğlubiyyətini etiraf etdi və kapitulyasiya aktını imzalayaraq haqsız iddialarının çöküşünü qəbul etdi. Bu, ədalətin zəfəri anı idi, həqiqətin qalib gəldiyi gün idi və Azərbaycan dünyaya öz azadlıq arzularının sarsılmazlığını nümayiş etdirdi. Ermənistanın uzun illər işğalda saxladığı Azərbaycan torpaqlarını qanuni sahiblərinə qaytarmaq məcburiyyətində qaldığı bu gün bütün millətin yaddaşına həkk olundu.

Bəyanatı 4-cü bəndində deyilirdi ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması təmin edilmədi. Azərbaycan bunu da özü təkbaşına reallaşdırdı. Belə ki, xəbərdarlıqlardan nəticə çıxarmayan erməni separatçılarına və terrorçularına qarşı 19-20 sentyabr tarixlərdə lokal antiterror tədbirləri həyata keçirildi. Nəticədə, oradakı separatçılar dərbədər salındılar, üstəlik qondarma rejim birdəfəlik cəhənnəmə vasil edildi. Bununla da bütün Qarabağ üzərində Azərbaycan dövlətinin suverenliyi tam bərpa edildi. Yeri gəlmişkən qeyd edək ki, həmin Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə belə əksini tapmadı. Hətta “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilmədi. Bununla da  statusun müəyyən edilməsi məsələsi, o cümlədən status-kvo tarixin arxivinə atıldı, keşmiş Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılmas, həmçinin “Böyük Ermənistan” planı alt-üst edildi.

Dövlət başçımızın qətiyyəti ilə Azərbaycanın qərb rayonları ilə onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının əlaqəsini nəzərdə tutan və   siyasi leksikona yeni bir termin olaraq daxil edilən  “Zəngəzur dəhlizi”inin də Bəyanatda öz əksini tapması da çox böyük zəfər idi. Məlumat üçün bildirək ki, 44 günlük Vətən müharibəsindən  ötən 4 il ərzində rəsmi Bakı dəhlizin yaradılması istiqamətində çox mühüm addımlar atıb. Amma təcavüzkar Ermənistan bu istiqamətdə heç bir addım atmayıb. Hətta  Qərbin təhriki ilə Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndini ləğv etməyə çalışır. Amma onun bu cəhdləri əbəsdir. Belə ki, rəsmi Bakı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın Azərbaycanın qərb rayonlarından Nax¬çıvana nəqliyyat kommunikasiyasının açılmasının qeyd olunduğu doqquzun¬cu bəndin icra olunmasında israrlıdır. İnşallah, buna da nail olacaq.

Bir məsələyə də toxunaq. Üçtərəfli Bəyanatın imzalanması ilə bir sıra  siyasi, diplomatik və iqtisadi uğurların da əsası qoyuldu. Belə ki, Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinə vəsilə olan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzlandı. Şuşa Bəyannaməsi türk dünyasının birləşməsinə, Azərbaycan-Türkiyə birliyinin formalaşmasına da ciddi stimul verib. Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyalar yaradıldı və fəaliyyətə başladı. Artıq Azərbaycan və Ermənistan dövlətlərarası sərhədin 12,4 kilometrlik hissəsinin delimitasiyası və demarkasiyasını həyata keçirib. Prezident İlham Əliyevin 2022-ci 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyü tanındı. Ona görə də siyasətçilər Praqa görüşünü Prezident İlham Əliyevin diplomatik qələbəsi kimi dəyərləndiriliblər. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasına başlanıldı. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan öz qədim torpaqlarını yenidən qurur, onlara əvvəlki əzəmətini qaytarır. Hazırda azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Doğma yurdun hər qarışında tikinti bumu yaşanır. Yeni-yeni infrastrukturlar - xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, avtomobil və dəmir yolları, körpülər, tunellər tikilir.  Qarabağ və Şərqi Zəngəzura indiyədək 2300-dən çox  ailə, 9000-ə yaxın şəxs  köçürülüb. 2023-cü ilin sentyabr ayında lokal antiterror əməliyyatları sayəsində Azərbaycanın suverenliyi tam bərpa olundu. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər.  Bir sözlə, bu Bəyanat dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi. Hazırda ölkəmizin təşəbbüsü ilə Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub.

Amma Prezidenti İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında xalqa müraciətində bildirdiyi kimi,  bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər: “Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik”. 

Dövlətimizin başçısı, həmçinin xatırladıb: “Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”