03 noyabr 2024 15:00
182

İrakli Kobaxidze: Avropaya inteqrasiya Gürcüstan Konstitusiyasında öz əksini tapıb

“Avropaya inteqrasiya Gürcüstan Konstitusiyasında öz əksini tapıb. Hökumətin xarici siyasətində də bu məsələ prioriteti kimi müəyyən edilib. Hökumət də Konstitusiyaya uyğun olaraq ölkənin Avropaya inteqrasiyası istiqamətində mühüm işlər görür”.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze İtalyanın “Sky” telekanalına müsahibəsində belə deyib.

Hökumət başçısı bildirib: “Bizim Rusiya ilə heç bir siyasi əlaqəmiz yoxdur, əlaqələrimiz əsasən humanitar məsələlər, ticarət və iqtisadiyyatla bağlıdır. Əgər kimsə bizə deyərsə ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun və ya digər hər hansı qanun hüquqi prinsiplərə və ya Avropa ruhuna uyğun deyil, biz hər hansı bir qərarı yenidən nəzərdən keçirməyə hazırıq”.

Onun sözlərinə görə, kimsə xarici maliyyələşdirmədən faydalanır və Gürcüstanda inqilabı təşviq etməyə çalışırsa, bunun maliyyələşdirilməsinin tamamilə şəffaf olması lazımdır.

“Ailə dəyərlərinin qorunması haqqında qanun insan hüquqlarını məhdudlaşdırmır, burada söhbət LGBT təbliğatının məhdudlaşdırılmasından gedir. Bu da insan hüquqları standartlarına uyğundur”, – deyə Kobaxidze vurğulayıb.