03 noyabr 2024 02:01
188

Orban ölkəni qeyri-qanuni immiqrasiyadan qorumaq siyasətini bir daha təsdiqləyib

Macarıstan digər Avropa İttifaqına üzv ölkələrdən fərqli olaraq, immiqrasiyanı təşviq etməməyə çalışır.

“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Qeyd edib ki, Macarıstan ölkə daxilində ənənəvi ailə dəyərlərinə əsaslanan siyasət aparır.

Onun sözlərinə görə, bu gün Aralıq dənizinin Afrika sahillərində şimal, yəni Avropa sahilləri ilə müqayisədə daha çox uşaq dünyaya gəlir. Məsələn, Almaniya və Avstriya doğum nisbətini artırmaq üçün ümumiyyətlə heç bir tədbir görmürlər, problemin həllini isə immiqrasiyanın stimullaşdırılmasında görürlər. “Biz isə əksinə, ailələrimizi dəstəkləməkdəyik və doğum nisbətini artırmaq üçün əlimizdən gələni edirik”, - deyə o qeyd edib.

Ölüm nisbətinin doğum nisbətini aşması tendensiyası Aİ-nin son 30-40 il ərzində apardığı siyasətinin nəticəsidir, buna görə də Avropada yerli əhali azalır və qocalır. Baş nazir qeyd edib ki, təkcə pul ilə doğum səviyyəsini artırmaq olmaz. Ailənin qurulması üçün əlverişli mühit lazımdır. O əlavə etdi ki, bunun üçün gənclərin özlərini sosial cəhətdən təminatlı hiss etmələri və gələcəyə inamla ailə həyatı qurmaları zəruridir. Bu isə proqnozlaşdırıla bilən iqtisadi siyasət tələb edir.

Orban Avropada həyatın baha olmasının enerji daşıyıcılarının yüksək qiymətlərinə bağlı olduğunu qeyd edib. Bildirib ki, Brüsselin siyasəti ona gətirib ki, Avropa şirkətləri elektrik enerjisinə görə ABŞ-dan 2-3 dəfə çox pul ödəməyə məcburdurlar, Köhnə Dünyada isə qaz 3-4 dəfə bahadır. Onun sözlərinə görə, Avropa bu şəkildə rəqabət apara bilməz və yeni enerji siyasətinə ehtiyacı var, əks halda, onun müəssisələri müflis olacaq.

Miqrasiyaya gəldikdə isə Orban deyib ki, iki fərqli Avropa ölkəsi tipi var: yad mədəniyyətlərdən olan insanları qəbul edənlər və qəbul etməyənlər. O əlavə edib ki, Macarıstan sonuncu qrupa aiddir. Onun sözlərinə görə, Macarıstan əcnəbilərə əmək bazarının tələb etdiyi qədər iş icazəsi verir və onların xidmətlərinə ehtiyac qalmayan kimi onlar ölkəni tərk etməlidirlər.

Qanunsuz miqrasiya vəziyyəti yaxşılaşdırmır, əksinə, daha da pisləşdirir. O, cinayətin və antisemitizmin artmasına səbəb olur. "Macarıstanda heç kəs ölkədə qeyri-qanuni miqrantları görmək istəmir", - deyən Orban Macarıstanın "Avropa liberal okeanında mühafizəkar bir ada olduğunu" əlavə edib.