30 oktyabr 2024 12:59
200

Yaponiya BMT-nin tövsiyələrinə ETİRAZ EDİB

Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayaşi BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin taxt-taca varislik məsələsində bərabərsizliyin aradan qaldırılması ilə bağlı tövsiyəsini şərh edib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, BMT komitəsinin İmperator Evi haqqında qanuna dəyişiklik təklifinin yersiz olduğunu bəyan edib.

“İmperator Evi haqqında qanunun təsvirinin tövsiyələr siyahısınadaxil edilməsi son dərəcə təəssüf doğurur, baxmayaraq ki, biz Yaponiyanın mövqeyini izah etdik və onun çıxarılmasını tələb etdik... Taxt-taca varislik üsulu dövlət üçün əsas məsələdir”, -deyə,  Yoşimasa Hayaşi mətbuat konfransında deyib.

Oktyabrın 29-da BMT Komitəsi qadınlara qarşı ayrı-seçkiliklə mübarizə məsələsinə dair müxtəlif ölkələr üçün tövsiyələr siyahısını dərc edib. Yaponiya öz varislik qanununa yenidən baxmağa və qadınların imperator vəzifəsini tutmasına icazə verməsi üçün çağırış edilib. 2016-cı ildə BMT-nin komitəsi artıq analoji tövsiyəni səsləndirib və bununla bağlı Yaponiya hakimiyyəti kəskin etirazını bildirib.

BMT-nin Yaponiya üçün tövsiyələri siyahısında qadınlara evləndikdən sonra qızlıq soyadını saxlamağa icazə verilməsi təklifi də var. Yoşimasa Hayaşi bildirib ki, hökumət bu məsələ ilə bağlı əhalinin müxtəlif təbəqələrinin fikirlərini nəzərə alacaq və parlamentdə keçiriləcək iclasda müzakirə edəcək.

Xatırladaq ki, imperator Yamato sülaləsinin əsası eramızdan əvvəl 660-cı ildə qoyulub. Yalnız bir kişinin imperator ola biləcəyini şərtləndirən Yaponiyanın Vərəsəlik Qanunu 1947-ci ildə qəbul edilib.