27 noyabr 2024 15:25
391

Dünyada HİV infeksiyasına niyə SON QOYMAQ OLMUR?

Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) məlumatına görə dünyada HİV infeksiyasına yoluxan  39,9 milyon insandan 9,3 milyonunun həyatını qurtarmaq mümkün olmayıb.

UNAIDS “2024-cü ilin Ümumdünya QİÇS-lə Mübarizə Günü” adlı hesabatında bu xəstəliyi “2030-cu ilə qədər ictimai sağlamlıq təhlükəsi kimi aradan qaldırmaq” məqsədinə nail ola biləcəyini bildirib.

1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü öncəsi “QİÇS-ə son qoymaq üçün doğru yolla get” şüarı ilə dərc olunan hesabatda bu məqsədlərə nail olmağın HİV-ə yoluxmuş və risk altında olan hər kəsin hüquqlarını qorumaqla mümkün olduğu vurğulanıb. Hesabatda bir çox ölkədə HİV-ə yoluxanların sayında artım olduğu qeyd olunub. Bildirilib ki, keçən il 630 min insan QİÇS-lə əlaqəli xəstəliklərdən dünyasını dəyişib və dünyada 1,3 milyon insan bu infeksiyaya yoluxub.

Hər gün 570 gənc qadın...

Hesabatda 2023-cü ildə 15-24 yaş arası 570 qadının hər gün HİV-ə yoluxduğu və Şərqi və Cənubi Afrikanın ən azı 22 ölkəsində bu yaş qrupunda olan qadınların yaşama şansının  kişilərə nisbətən 3 dəfə çox olduğu qeyd edilib.  Hesabatda elmin QİÇS-ə qarşı yeni müalicə üsulları inkişaf etdirməyə davam etdiyi qeyd edilməklə yanaşı vurğulanıb ki,  ildə bir neçə dəfə qəbul edilməli olan uzun təsirli dərmanların qiymətlərinin aşağı salınması və hər yerdə istehsalına imkan verən texnologiyanın paylaşılması xəstəliyin gedişatını dəyişdirə bilər.

Hesabatda fikirlərinə yer verilən UNAIDS-in icraçı direktoru Vinni Byanyima bildirib ki, HİV virusu ilə mübarizədə böyük irəliləyişlər olmasına baxmayaraq, insan hüquqlarının pozulması dünyada QİÇS-ə son qoymağa mane olur. İnsanların müxtəlif səbəblərdən lazımi sağlamlıq xidmətlərindən istifadə edə bilmədiklərini qeyd edən Byanyima bildirb ki, hər kəsin sağlamlığını qorumaq üçün hər kəsin hüquqlarını qorumalıyıq.

Vüsal Cahanov, “İki sahil”