Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs milli silahlı qüvvələrə əlavə olaraq təxminən 3 milyard funt sterlinq (3,7 milyard dollar) ayırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, birdəfəlik ödəniş barədə Leyboristlər hökumətinin büdcə müraciəti zamanı elan ediləcək. Rivs bu müraciətlə oktyabrın 30-da İcmalar Palatasında (parlamentin aşağı palatası) 2025-ci il üçün büdcəni təqdim edərkən çıxış etməlidir.
Məqalədə qeyd olunub ki, 2,9 milyard funt məbləğində əlavə maliyyələşdirmə paketindən 400 milyon funt hərbi qulluqçuların maaşlarının 6 % artırılmasına yönəldiləcək. Vəsaitlər həmçinin Ukraynaya verilmiş silahların əvəzinə silah ehtiyatlarının bərpasına ayrılacaq.
“The Daily Telegraph” qeyd edib ki, Rivs müdafiə xərclərinin uzunmüddətli artımı ilə bağlı heç bir bəyanat verməyəcək. Nəşrin məlumatına görə, bu xərclər hazırkı səviyyədə – ÜDM-in təxminən 2,3 %-i həcmində qalacaq.