30 oktyabr 2024 08:00
188

Böyük Britaniya, Aİ və Kanada Myanma ordusu ilə əlaqəli qurumlara yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya, Avropa İttifaqı (Aİ) və Kanada Myanma ordusuna və onun müttəfiqlərinə qarşı yeni sanksiyalar paketi elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Böyük Britaniya sanksiyaları Myanma hərbi qüvvələrinə aviasiya yanacağı və avadanlıq tədarük edən qurumlara yönəlib. Bildirilib ki, Myanma hərbi qüvvələri tərəfindən 2024-cü ilin avqust ayında rekord sayda hava hücumları həyata keçirilib və nəticədə onlarla mülki şəxs həyatını itirib:

“Bu sanksiyalar Myanma ordusunun mülki şəxslərə qarşı hava hücumlarını məhdudlaşdırmağa və insan hüquqları pozuntularının qarşısını almağa kömək edəcək. Bu sanksiyalar çərçivəsində Böyük Britaniya, aviasiya yanacağı və təyyarə hissələri daxil olmaqla, məhdudlaşdırılmış malları Myanma hərbi qüvvələrinə təchiz edən altı quruma qarşı tədbirlər görüb”, - deyə XİN-in məlumatında qeyd olunub.

Bəyanatda qeyd olunub ki, Böyük Britaniya Myanma xalqının sülh və demokratik gələcək arzularına dəstəyində qətiyyətli qalır.