Dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısı olan Türkiyə əsas diqqətini pilotsuz və avtonom döyüş platformalarının işlənib hazırlanmasına yönəldəcək və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemi yaradacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada ilk milli çoxməqsədli “T625 GÖKBEY” helikopterinin jandarm qüvvələrinə təhvil verilməsi mərasimində bildirib.
“Biz PUA bazarında dünyanın ən böyük istehsalçısıyıq. 2018-ci ildən bu günə qədər dünya üzrə bütün PUA satışlarının 65 %-i Türkiyə şirkətlərinin payına düşür. PUA istehsalı ilə yanaşı, biz yaxın gələcəkdə əsas diqqəti döyüş platformalarının – pilotsuz və avtonom dəniz nəqliyyat vasitələrindən tutmuş sualtı platformalara və təyyarədaşıyanlara qədər - işlənib hazırlanmasına yönəldəcəyik”, - Ərdoğan deyib.
O, Türkiyənin təhlükəsizliyi üçün hava hücumundan müdafiə sistemlərinin həyati əhəmiyyətini qeyd edib.
“Terrorçuların ölkə ərazisinə soxulmasından tutmuş düşmən elementlərin hücumlarına qədər bir çox asimmetrik təhdidləri aradan qaldırmaq üçün çoxsəviyyəli hava hücumundan müdafiə sistemlərini gücləndirməliyik. Əgər onların (İsraili nəzərdə tutur – red.) “Dəmir qübbə”si varsa, bizim də “Polad günbəz”imiz olacaq. Biz bunu yaradacağıq. Həmçinin uzunmənzilli raket potensialımızı da artıracağıq”, - Türkiyə lideri söyləyib.
Qeyd edək ki, Türkiyədə yaradılacaq çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemi ölkənin hava hücumundan müdafiə sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını və real vaxt rejimində qərarların qəbulu üçün onun vasitəsilə məlumatların ötürülməsini nəzərdə tutur.