27 noyabr 2024 20:50
83

Rusiya qazının Qazaxıstana uzunmüddətli tədarükü üzərində iş aparılır

Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində keçirilən Rusiya və Qazaxıstanın regionlararası əməkdaşlığının 20-ci yubiley forumu çərçivəsində dövlət başçıları qazın uzunmüddətli nəqli, qonşu ölkələrə tranzitin inkişafı və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Bu barədə “İki sahil” Rusiya KİV-ə istinadla xəbər verir.

“Rusiya qazının Qazaxıstana uzunmüddətli tədarükü üzərində iş aparılır”, – deyən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, həmçinin daha əvvəl Rusiya qazının Qazaxıstan ərazisindən keçməklə Özbəkistana tranzitinə başlanıldığını, bundan əlavə, “Qazprom” ilə Qırğızıstana qaz tranziti haqqında müqavilə imzalandığını xatırladıb.

V.Putin, öz növbəsində regional və ikitərəfli əməkdaşlığın perspektivlərini vurğulayıb.

“Rusiya və Qazaxıstan qarşılıqlı faydalı əməkdaşlıqda zəngin təcrübəyə malikdir və gələcək birgə iş üçün ən geniş perspektivlər bizim üçün açıqdır”, - Tokayev kimi forumun plenar iclasına videobağlantı ilə qoşulan Rusiya lideri qeyd edib.

Putin iki ölkənin regionlarının bundan sonra da tərəfdaşlığın inkişafına mühüm töhfə verəcəyinə, Rusiya və Qazaxıstan rəhbərliyinin birgə layihələri dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Rusiya və Qazaxıstan arasında Regionlararası Əməkdaşlıq Forumu 2003-cü ildən bəri hər il keçirilir. Forum iki ölkənin regionları arasında iqtisadi və sosial əlaqələrin möhkəmlənməsinə töhfə verir.