Liviya ilə əlaqələrin daha da inkişaf etdirilməsi İtaliya və Avropa İttifaqı üçün prioritetdir.
“İki sahil” xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.
İtaliya Nazirlər Şurasının məlumatına görə, Tripoliyə səfər edən Ciorcia Meloni Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdül Həmid Dbeybe ilə görüş keçirib. Müzakirə zamanı ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinə diqqət yetirilib, miqrasiya və insan alverinə qarşı mübarizədə birgə addımlar nəzərdən keçirilib.
“İtaliya hökuməti yenidənqurma və inkişafın yeni mərhələsində Liviyanın yanındadır. Liviya ilə əlaqələri İtaliya üçün prioritet hesab edirik. İtaliya Liviyaya işgüzar səfərlərə dair mənfi rəyi ləğv edən ilk Qərb dövləti olub”, - deyə İtaliyanın Baş naziri əlavə edib.
Bundan başqa, 10 ildən sonra Tripolidə ilk dəfə İtaliya-Liviya biznes forumu keçirilib. Forumda çıxış edən Ciorcia Meloni İtaliyanın “ITA Airways” şirkətinin 2025-ci ilin yanvarından etibarən iki ölkə arasında birbaşa reysləri bərpa edəcəyini bildirib.