Polşa prezidenti Anjey Duda bildirib ki, Polşa ölkənin hava məkanının NATO-dan qorunması zəmanəti olmadan MiQ-29 qırıcılarını Ukraynaya verə bilməyəcək.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, ölkələr iyul ayında hərbi təyyarələrin təhvil verilməsi ilə bağlı razılığa gəliblər.
“Biz Zelenskiyə qırıcıları vermək istədiyimizi demişik. Bunun üçün səmamızı qorumaq üçün Qərbdən bizə gələcək təyyarələr lazım. Pilotlarımızın uçacağı təyyarələrin verilməsi lazım. Bu da bizim mövqeyimizi gücləndirər”- deyə Duda qeyd edib.
Polşa prezidenti Varşava ilə Kiyevin münasibətləri ilə bağlı suala cavab olaraq “biz nə mümkündürsə vermişik” deyib. Eyni zamanda, o, qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski onun dostu olaraq qalır.
Xatırladaq ki, iyulun 8-də Polşa və Ukrayna arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq haqqında saziş imzalanıb. Zelenski deyib ki, Varşava, sənədə əsasən, Kiyevə ən azı bir əlavə MiQ-29 qırıcıları eskadrilyasını köçürməlidir. Donald Tusk bildirib ki, ölkə müttəfiqlərinin köməyi olmadan sazişin şərtlərini yerinə yetirə bilməz. 2023-cü ildə Polşa Ukraynaya 14 qırıcı verib.