Son üç ildə Çində dollar milyarderlərinin sayında azalma qeydə alınır.
“İki sahil” xəbər verir ki, bu haqda “Financial Times” nəşri Hurun Araşdırma İnstitutunun məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, Çində milyarderlərin maksimum sayı 2021-ci ildə qeydə alınıb - 1185 nəfər. Bundan sonra onların sayı getdikcə azalmağa başlayıb və nəhayət, 753 nəfər olub ki, bu da 2021-ci illə müqayisədə 36% azdır.
Milyarderlərin sayının azalması təkcə yuanın dollara nisbətdə ucuzlaşması ilə bağlı deyil. Çində dollar milyarderlərinin sayı son bir ildə 16% azalıb, yuanın dollara nisbətdə cəmi 2,5% ucuzlaşması qeydə alınıb. Son üç ildə Çin valyutası 10% ucuzlaşıb.
Çin tədqiqat institutunun qeyd etdiyi kimi, milyarderlərin sayının kəskin azalması COVID-19 pandemiyasının hələ də özünə gələ bilməyən Çin iqtisadiyyatına mənfi təsirləri ilə bağlıdır.
Çinin ən zəngin adamı ByteDance-in rəhbəri Zhang Yimingdir. Onun sərvəti 49,3 milyard dollar dəyərində qiymətləndirilir. İkinci yerdə 47,9 milyard dollarla su istehsalçısı Nongfu Spring şirkətinin sahibi Zhong Shanshan qərarlaşıb. Üçüncü yerdə sərvəti 44,4 milyard dollar dəyərində qiymətləndirilən Tencent-in baş direktoru Poni Ma qərarlaşıb.