29 oktyabr 2024 14:05
152

ABŞ-ın üçüncü böyük qəzeti prezidentliyə namizədləri dəstəkləməkdən İMTİNA ETDİ

“USA Today” qəzeti bu il prezidentliyə namizədlərin heç birini dəstəkləməmək qərarına gəlib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, nəşrin sözçüsü Lark-Marie Anton bu haqda “The Daily Beast”ə bildirib.

Bundan əvvəl “The Washington Post”  və “Los Angeles Times” nəşrləri də analoji qərar qəbul etmişdilər.

“USA Today” bildirib ki, oxuculara məlumatlı qərarlar qəbul etmək üçün lazım olan vacib faktları və etibarlı məlumatları təqdim etməyə diqqət yetirəcək. Xatırladaq ki, 2020-ci ildə keçirilən prezident seçkilərində “USA Today” Demokratların namizədi, hazırkı prezident Co Baydeni dəstəkləmişdi.

“The Washington Post”  qəzetin sahibi olan planetin ən varlı insanlarından biri Cef Bezosun qərarı ilə hər hansı prezidentliyə namizədi açıq şəkildə dəstəkləməkdən imtina edib. “Los Angeles Times” da bu qərarı sahibi milyarder Patrik Sinsianın təlimatı ilə verib. Bundan sonra nəşrin redaksiya heyətinin rəhbəri Mariel Qarza istefa verib. Əvvəlcə hər iki nəşr Demokratların namizədi, vitse-prezident Kamala Harrisi dəstəkləməyi planlaşdırırdı. Respublikaçılar yenidən keçmiş prezident Donald Trampın namizədliyini irəli sürdülər.

Xatırladaq ki, ABŞ-da seçkilər noyabrın 5-də keçiriləcək. Ötən həftə Tramp “The Wall Street Journal”ın seçkiqabağı sorğusunda rəqibini üstələyib. Sorğuda iştirak edən amerikalıların 47%-i Trampı,  45%-i isə Harrisi dəstəkləyəcəklərini bildiriblər.