29 oktyabr 2024 12:16
142

Türkiyə XİN: İsrailin UNRWA-ının fəaliyyətinə son qoymaq cəhdi beynəlxalq hüququ açıq şəkildə pozur

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) işğal olunmuş Fələstin torpaqlarında fəaliyyətinə son qoymaq üçün İsrail parlamentinin atdığı addımlar beynəlxalq hüququ açıq şəkildə pozur.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“UNRWA-nı hədəf alaraq İsrail iki dövlət həllini ortadan qaldırmağı və fələstinli qaçqınların vətənlərinə qayıtmasının qarşısını almağı hədəfləyir, 1949-cu ildən bəri milyonlarla fələstinli qaçqına həyati yardım göstərən UNRWA-nın fəaliyyəti də regional sabitlik üçün böyük əhəmiyyət kəsb edir. BMT Baş Assambleyasının qərarı ilə yaradılmış UNRWA-nın fəaliyyətini qadağan etmək cəhdlərinə qarşı sərt mövqe sərgiləmək beynəlxalq ictimaiyyətin hüquqi və vicdanlı öhdəliyidir” - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, UNRWA-nın Maliyyə İşçi Qrupuna sədrlik edən Türkiyə Agentliyə siyasi və maliyyə dəstəyini davam etdirəcək.