28 oktyabr 2024 17:36
206

Nobel mükafatçısı məhbus jurnalist İranda xəstəxanaya yerləşdirilib

Hazırda həbsdə olan güney azərbaycanlı, Nobel mükafatı laureatı və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Tehran xəstəxanalarından birinə yerləşdirilib.

“İki sahil” “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, bu barədə onun Parisdə yaşayan əri Tağı Rəhmani bildirib.

Onun sözlərinə görə, N.Məhəmmədinin sağlıq durumunda iki aydan çox problem yaşanandan sonra müalicə başlayıb.

Bildirilib ki, Nobel mükafatçısına doqquz həftəyə yaxın tibbi yardım göstərilməsinə icazə verilməyib: “Nərgiz Məhəmmədinin nəhayət xəstəxanaya yerləşdirilməsi vətəndaş cəmiyyəti və insan hüquqları müdafiəçiləri ilə "Nərgizə Azadlıq Koalisiyası"nın dəstəyinin, beynəlxalq ictimaiyyət və medianın basqısının nəticəsidir”.

T.Rəhmani deyib ki, tibbi yardımın gecikdirilməsi, N.Məhəmmədinin həbsxanada saxlanıldığı şərait səhhətində ciddi problemlər yaradıb.

Xatırladaq ki, 52 yaşlı N.Məhəmmədi son 20 ildə dəfələrlə həbs edilib və sonra azadlığa buraxılıb. İndi o, "İran əleyhinə təbliğat aparmaqda” günahlandırılaraq birillik həbs cəzasını çəkir.

Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

Qeyd edək ki, N.Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.

2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

N.Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.

İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədiyə Parisdə "Sərhədsiz Reportyorlar" Təşkilatının 2022-ci il üzrə “Cəsarət Mükafatı” verilib.

O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb.

2003-cü ildə güney azərbaycanlı Şirin İbadiyə Nobel Sülh mükafatı verilib. O bu mükafata demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə layiq görülüb.