27 oktyabr 2024 14:29
211

Özbəkistanda parlament seçkiləri baş tutmuş hesab edilib

Özbəkistanda parlament seçkilərində seçici fəallığı tələb olunan həddi keçərək 47,62 %-ə çatıb.

“İki sahil” xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bahrom Kuçkarov mətbuat mərkəzində keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, seçici fəallığı seçkilərin baş tutmuş kimi tanınması üçün tələb olunan 33 %-lik həddi keçib.

Oktyabrın 27-də Özbəkistanda parlamentin aşağı palatası - Ali Məclisin Qanunvericilik Palatasına və yerli şuralara (xalq deputatları şuralarına) seçkilər keçirilir. İlk dəfədir ki, seçkilər majoritar sistemlə deyil, qarışıq seçki sistemi ilə - majoritar və proporsional sistemlə keçirilir.

150 deputatdan 75-i birmandatlı seçki dairələri üzrə seçicilərin konkret namizədlər üçün verdiyi səslər əsasında aşağı palataya seçiləcək, qalan 75 nəfər isə vahid seçki dairəsi üzrə siyasi partiyalara verilən səslərin sayına proporsional olaraq partiya siyahıları üzrə seçiləcək.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ümumilikdə birmandatlı seçki dairələri üzrə irəli sürülmüş 375 nəfərin, həmçinin partiya siyahıları üzrə 500 nəfərin namizədliyi qeydə alınıb.

Seçkilərdə 1000-dən çox beynəlxalq və xarici müşahidəçi iştirak edir, onlardan 400-ə yaxını 50 ölkəni, 500-ə yaxını MDB, Türk Dövlətləri Təşkilatı, ŞƏT kimi beynəlxalq təşkilatları, 60 müşahidəçi isə 26 ölkənin seçki komissiyalarını təmsil edir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə 350, MDB dövlətləri isə 167 müşahidəçi göndərib.