26 oktyabr 2024 10:17
80

Gürcüstanda parlament seçkiləri keçirilir

Gürcüstanda 11-ci çağırış parlament seçkiləri keçirilir.

“İki sahil”in məlumatına görə, Gürcüstanda insanlar parlament seçkilərində səs verməyə başlayıblar.

Ölkə üzrə qurulan seçki qutuları yerli vaxtla saat 08:00-da açılıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında dərc olunan açıqlamaya görə, yeni parlamentə daxil olacaq 150 deputatın müəyyənləşdirilməsi üçün ümumilikdə 3 milyon 508 min 294 seçici səs verəcək.

Ölkənin 11-ci parlament seçkilərində 3 milyon 113 min 747 seçici ilk dəfə elektron texnologiyalardan istifadə etməklə səsvermədə iştirak edəcək.

Xaricdə 95 min 910 seçici 40 ölkədə 67 məntəqədə açılan sandıqlarda səs verəcək.

4-ü seçki bloku olmaqla, ümumilikdə 18 partiya 5 faizlik seçki baryerini keçmək üçün mübarizə aparacaq.

Seçki nəticəsində parlamentdə 76 yer qazana bilən siyasi partiya və ya seçki bloku hökuməti təkbaşına formalaşdıra biləcək.

Gürcüstanda 2012-ci ildə keçirilən seçkilərdə qalib gələrək hakimiyyətə gələn və son seçkilərdə 48,22 faiz səs toplayan “Gürcü arzusu” partiyası ardıcıl 4-cü dəfə qalib gəlməyə çalışacaq.

Səsvermə məntəqələri saat 20:00-da bağlanacaq, bundan sonra səslərin hesablanmasına başlanacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”