Kazan sammiti BRICS ölkələrinin həmrəyliyində yeni mərhələnin başlanğıcı olub.
“İki sahil” Sinxua agentliyinə istinadla xəbər verir ki, bu fikri Çinin xarici işlər naziri Van Yi Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin yekunlarını şərh edərkən ifadə edib.
Çinli nazirini sözlərinə görə, sammit, həmçinin Qlobal Cənubun inkişafı və rifahı üçün yeni perspektivlər açıb. O əlavə edib ki, Çin BRICS çərçivəsində əməkdaşlığın aparıcı qüvvəsi və Qlobal Cənubun əsas üzvü kimi mühüm rol oynayır.
Sammitin gedişində BRICS ölkələrinin əməkdaşlığının istiqamətləri və əsas prinsipləri haqqında ətraflı danışan Van Yi bildirib ki, bu alyans Qlobal Cənub ölkələri arasında həmrəylik və əməkdaşlığı gücləndirmək üçün əsas platformaya çevrilməlidir. Onun sözlərinə görə, bu kontekstdə qlobal idarəetmə islahatlarının həyata keçirilməsi prioritet vəzifədir.
Van Yi vurğulayıb: “Sədr Si Cinpin qeyd edib ki, BRICS ölkələri sülhə, innovasiyaya, yaşıl inkişafa, ədalətə və insanlar arasında daha sıx mübadilələrə sadiq ittifaq qurmalı və ümumi təhlükəsizliyin müdafiəçisi, yüksək keyfiyyətli, davamlı inkişafın liderləri olmalıdırlar. BRICS, eyni zamanda, qlobal idarəçilikdə islahatların lideri, bütün sivilizasiyalar arasında ahəngdar birgəyaşayışın tərəfdarıdır. Bu məqsədlərə nail olmaq üçün səkkiz praqmatik tədbir elan edilib”.
Kazan sammitində BRICS-ə yeni tərəfdaş ölkələrin dəvət edilməsi üçün konsensusun əldə edildiyini qeyd edən nazir əlavə edib ki, onlarla əməkdaşlıq bərabər və nizamlı çoxqütblü dünya nizamının qurulması, eləcə də universal faydalı və əhatəli iqtisadi qloballaşma prinsiplərinə əsaslanacaq.