26 oktyabr 2024 00:25
75

Narkomanlığa qarşı mübarizə hər kəsin vəzifəsidir

Bu gün ümumbəşəri bəla hesab edilən və doğru olaraq “ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə mövqeyindən, vəzifəsindən asılı olmayaraq cəmiyyətin hər bir üzvünü ciddi düşündürən məsələdir. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər neqativ hallar üçün münbit zəmin yaradan mühüm amillərdən biri olaraq məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə, gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilir. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakı bu gün daha intensiv xarakter almışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra digər problemlər kimi, narkomaniyaya da qarşı mübarizənin vacibliyi ön plana çıxdı. Bu mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradıldı.

Təbii ki, bəşəriyyətin bu dəhşətli bəlasına qarşı mübarizə hazırda bu sahədə səylərin birləşdirilməsini bir tələbə çevirib. Bu gün ayrı-ayrı dövlət strukturları, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri birgə mübarizə aparmaqla narkomaniyanın yayılmasının və kütləvi hal almasının qarşısını almağa öz töhfəsini verməyə səy göstərir.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev digər istiqamətlərdə olduğu kimi, bu sahədə də mövcud qanunların təkmilləşdirilməsinə, yeni Dövlət proqramlarının qəbuluna nail olmuşdur. Belə ki, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə uzrə 2007-2012-ci, 2013-2018-ci, 2019-2024-cü illər üçün qəbul edilmiş Dövlət proqramlarının məqsədi bu sahədə aparılan işləri intensivləşdirmək, bəşəri bəlaya qarşı daha effektiv mübarizə apararaq böyük nəticələr əldə etmək olmuşdur. Bunlardan əlavə, 2005-ci ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun qəbul olunmuşdur. Bu sənəd narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.

Təəsüflə deməliyik ki, 30 ilə yaxın iyirmi faiz torpaqlarımızın erməni işğalçılarının nəzarəti altında olması ərazilərimizin narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunmasına şərait yaratmışdı. Təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyev dəfələrlə ən yüksək tribunalardan Qarabağın nəzarətsiz zona olduğunu, işğal olunmuş ərazilərimizdə narkotik tərkibli bitkilərin yetişdirildiyini, onlardan əldə olunan vəsaitlərin cirkin niyyətlərin həyata keçirilməsinə yönəldildiyini bəyan edib. Bu gün artıq Azərbaycan tarixi Zəfəri sayəsində öz əzəli və hüquqi ərazilərində suverenliyinə və tam nəzarət mexanizminə malikdir.

Ölkəmizdə narkomaniya ilə yanaşı, narkobiznesə, narkotik tranzitinə qarşı ən yüksək səviyyədə mübarizə aparılır. Azərbaycan dövləti gələcəyimiz olan gənclərə diqqət və qayğını həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən birinə çevirib. Ardıcıl şəkildə qəbul olunan Dövlət proqramları gəncliyin inkişafına, onların potensial imkanlarının genişləndirilməsinə öz müsbət təsirini göstərir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə ən müasir idman komplekslərin tikilməsində də əsas məqsədlərdən biri məhz sağlamlığın təmin edilməsi, ən əsası  insanların narkomaniya kimi ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. İctimai fikrin formalaşmasında yazılı və elektron KİV-lərin rolunu nəzərə alsaq, bu kimi problemlərin həllində əsas amillərdən olan maarifləndirmə işində mətbuatın önəmi daha aydın görünür. Bunun üçün mətbuatda narkomaniyanın nə kimi fəsadlara yol açdığını ictimaiyyət açıqlayan yazılara, televiziya kanallarında bu mövzuda verilişlərin çəkilişinə böyük ehtiyac vardır.

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində rayon ərazisində mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil edilir. Tədbirlərdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan idarə, müəssisə və təşkilatların, eləcə də ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir. Komissiya olaraq hesab edirik ki, ayrı-ayrı dövlət strukturları, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri birgə mübarizə aparmaqla, ümumbəşəri bəlanın yayılmasının və kütləvi hal almasının qarşısını almaq mümkündür.

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya