Parlament seçkiləri qonşu ölkənin milli suverenliyini və müstəqilliyini qorumaq üçün bir şansdır
Bu gün qonşu Gürcüstanda parlament seçkiləri keçirilir. Artıq bir neçə gündür ki, bu ölkədə siyasi qarşıdurma pik həddinə çatıb. Məhz bu qarşıdurmalardan da aydın görünür ki, bəzi xarici dairələr Gürcüstanda vəziyyəti daha da qarışdırmaqda maraqlıdırlar. Bu gün ölkədə çoxlu siyasi partiya fəaliyyət göstərir və onların hər birinin də öz marağı var. Yəni, burada Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək hər bir partiyanın proqramında ilk yerdə gəlir. Xüsusilə iqtidardakı «Gürcü arzusu-Demokratik Gürcüstan» Partiyası iddia edir ki, keçmiş hakimiyyətin səbatsızlığı ucbatından ölkə 20 faiz ərazisini itirib. Yəni, Gürcüstan müxalifəti yenidən hakimiyyətə gəlsə 2008-ci ilin avqust faciəsi təkrarlana bilər ki, bu da ölkəyə Suriya və Ukrayna dəhşəti yaşadar.
Məlumdur ki, 2008-ci ilin avqustunda Rusiya- Gürcüstan qarşıdurması Rusiyanın bu ölkəyə qoşun yeritməsi ilə nəticələndi. Hətta rus qoşunları Tbilisinin 25 kilometrliyinə qədər gəlmişdi. Bu, Mixeil Saakaşvilinin Prezidentliyi dövründə baş vermişdi. Həmin dövrdə Saakaşvili Qərbin adamı kimi tanınırdı və onun əsas məqsədi Abxaziya və Cənubi Osetiyada separatçı rejimi ləğv edərək ölkənin ərazi bütövlüyünü bərpa etməkdi. Lakin bu yolda yanlış addımlar atmaqla özünü və ölkəsini fəlakətə sürüklədi. Hətta bu məsələdə Qərb onu hərbi -siyasi cəhətdən dəstəkləyəcəyini vəd etsə də sonralar sözünü tutmadı. Nəticədə hər iki separatçı «respublika» Gürcüstanın idarəçiliyindən çıxdı və sonradan Rusiya isə onların müstəqilliyini tanıdı.
Həmin dövrdən başlayaraq gürcü xalqı Qərbə olan inamını itirdi və keçmiş Prezident Saakaşvilini avantüraya yol verməkdə qınadı. Gürcülər iddia edirlər ki, əgər Qərb həqiqətən Gürcüstanın maraqlarını qorumuş olsaydı Abxaziya və Osetiya məsələsi bu qədər uzanmazdı. Qərb siyasətini əsasən vədlər üzərində qurur. Gürcü xalqı bunu yaxşı bilir və Qərbə o qədər də inanmır. Qərb isə Gürcüstanda hakimiyyətin yenilənməsini və onların köləsi olacaq bir hakimiyyətin olmasını istəyir. Bu isə onu göstərir ki, beynəlxalq hüquqda dövlətlərin daxili işlərinə müdaxiləni qadağan edən prinsiplərin olmasına baxmayaraq, Qərb uzun müddətdir «demokratiya» və «insan haqları» adı altında bəzi ölkələrin daxili işlərinə açıq şəkildə müdaxilə edir. İşğalın və təcavüzün yeni üsulları kimi tətbiq edilən bu yanaşmalar, adətən, seçki dövrlərində, xüsusən də parlament seçkiləri zamanı daha da güclənir. Yəni, ABŞ və digər qlobal aktorlar həssas siyasi vəziyyətlərdən istifadə edərək öz maraqlarını həyata keçirməyə çalışırlar. Məlumdur ki, illər öncə Gürcüstanda «məxməri» inqilabdan sonra Qərb ölkədə mövqeyini möhkəmləndirib və qeyri-hökumət təşkilatları vasitəsilə həm cəmiyyətə, həm də dövlət idarəetməsinə ciddi təsir imkanları əldə edib. Bu da Qərb dövlətlərinə, xüsusən ABŞ-a, Gürcüstanın daxili məsələlərinə müdaxilə etmək və hökumətin qərar qəbuluna təsir göstərmək imkanı verir.
Xatırladaq ki, hələ bir müddət əvvəl Gürcüstan parlamentində «Xarici təsirin şəffaflığı haqqında» qanun layihəsinin müzakirəsi və qəbul edilməsi yeni siyasi mənzərəni ortaya çıxarıb. Hazırda bu qanunun qəbulu ölkəni iki cəbhəyə ayırıb: qərbyönümlülər və ona qarşı olanlar (onlara rusiyayönümlülər də deyirlər). Qanuna görə, Gürcüstandakı qeyri- hökumət təşkilatlarına Avropadan və ABŞ-dan gələn külli miqdarda maliyyə vəsaitlərinin (qrantların) hesabatı verilməlidir. Hakimiyyət hesab edir ki, həmin vasaitlər Gürcüstan hakimiyyətini devirmək üçün müxalifətin maliyyələşdirilməsi deməkdir. Lakin Gürcüstan müxalifəti isə bunu hakimiyyətin onlara qeyri -demokratik basqısı kimi qiymətləndirir. Bu prosesdə birbaşa Qərbdən maliyyələşən minlərlə vətəndaş cəmiyyəti təşkilatı ölkənin milli təhlükəsizliyini təhdid edən böhran vəziyyəti yaratmışdı. Belə ki, onlar bu gün də meydanlara axışmaqla ölkənin milli təhlükəsizliyini ciddi təhdid edən situasiyaya səbəb olurlar. Gürcüstan hökuməti son vaxtlar Qərbin təzyiq vasitələrinin təsirini minimuma endirmək üçün addımlar atmağa başlayıb ki bu sahədə də müəyyən uğurlar əldə edilib. Buna baxmayaraq, Qərb Gürcüstanı daha da gərginliyə sürükləmək üçün genişmiqyaslı təzyiq mexanizmlərini işə salır və bəzi beynəlxalq təşkilatları, hətta dövlətləri bu prosesə cəlb edir. Bununla da guya demokratiyanı və insan haqlarını müdafiə etdiyini iddia edən Qərb, əslində öz maraqlarını ön plana çəkərək, Gürcüstanda siyasi təsirini gücləndirməyə çalışır. ABŞ-ın və Fransanın Gürcüstanı qarşıdurmalara sürükləyərək bölgədəki maraqlarını təmin etməyə çalışmaları Qərbin regiondakı siyasətinin əsl barbar məqsədlərini göstərir.
Bundan başqa, bir çox ölkələrdə, o cümlədən Gürcüstanda böyük platformalar, «NETFLİX» kimi kino platformaları eynicinsliyi təbliğ edirlər. Gürcü xalqı isə bu kimi eybəcərlikləri qəbul etmək istəmir. Bir sözlə, bu, ölkələrin daxili işinə qarışmaq, suverenliyini təhdid etməkdir. Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz bu təhdidləri aşa bildi. Xüsusilə xarici ölkələrin və təşkilatların, o cümlədən SOROS Fondu kimi qurumların Azərbaycandakı bəzi QHT-ləri ölkədə qarışıqlıq yaratmaq məqsədilə maliyyələşdirməsi prosesi gedirdi. Həmin maliyyə mənbələrinin kəsilməsi Azərbaycanda milli-mənəvi dəyərlərə əsaslanan bir ekosistem formalaşdırdı. Hazırda Gürcüstan da öz milli suverenliyini, daxili və xarici müstəqilliyini qorumaq üçün bu kimi qanunlar qəbul etməklə bir sıra zəruri addımlar atır.
Təbii ki, qonşu Gürcüstanda baş verən siyasi proseslərin nəticələri həm ölkəmiz, həm də orada yaşayan soydaşlarımız üçün də önəmlidir. Çünki hər iki ölkənin iqtisadi əməkdaşlığı və siyasi həmrəyliyi bölgənin sabitliyi üçün xoş mənzərə açıb. Bu gün Azərbaycan- Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin qarşısında duran əsas hədəflərdən biri ikitərəfli əməkdaşlığı dərinləşdirmək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları atmaqdan ibarətdir. Son 10 ildə iki ölkə arasında 118-dən çox sənəd imzalanıb ki, bu da iqtisadi-siyasi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlığın formalaşdırılmasını şərtləndirib.
Xüsusilə hər iki ölkənin tarixi İpək Yolu üzərində yerləşməsi, birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycan və Gürcüstanın iştirakı ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması həm də regional sülhə və sabitliyə öz töhfəsini verməkdədir. Təcrübə göstərir ki, Cənubi Qafqaz regionunun inkişafı bu iki ölkə arasındakı ikitərəfli münasibətlərin dinamikasından daha çox asılıdır. Məhz bütün bunlara rəğmən demək olar ki, Gürcüstandakı parlament seçkilərində hazırkı hakim partiyanın qələbəsi Azərbaycanın da dövlət maraqlarına uyğundur.
Elçin Zaman, «İki sahil»