Qubadlı şəhərinin işğaldan azad edilməsindən 4 il keçir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 25 oktyabr Qubadlı Şəhəri Günüdür. 44 günlük İkinci Qarabağ müharibəsinin 29-cu günündə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bu paylaşımı etdi: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
1988-ci ildən başlayaraq Qubadlı rayonuna təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdi. 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdu. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə Konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Digər ölkələrdən gəlib burada məskunlaşan ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdı. 2020-ci ilin 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Çünki şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşdirilmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər azad edildi, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsis edilən şəhər günlərinə diqqət yetirdikdə böyük qürur hissi keçiririk. Azərbaycan Ordusu müharibə başlandığı andan daim irəli gedərək hər günü hansısa şəhəri, kəndi, qəsəbəni, strateji yüksəkliyi azad etməklə gücünü, qüdrətini, torpaq, Vətən sevgisini dünyaya nümayiş etdirdi. Ermənilərin və onlara havadarlıq edənlərin illərdir erməni hərbi birləşmələri barədə yaratdıqları «məğlubedilməz ordu» mifi dağıdıldı. Dövlətimizin başçısı İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu mühüm məqamları xüsusi qeyd etdi ki, 25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi. Digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, qabağımızda heç bir qüvvə dayana bilməz. Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət Bayrağını ucaltdıq.
Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Qubadlı da özünün çal-çağırlı günlərini yaşayır. Dövlət başçısı İlham Əliyevin bu ərazilərə hər bir səfərinə diqqət yetirsək Böyük Qayıdış Proqramının tam şəkildə icrasına doğru atılan addımların davamlılığını görərik. Ötən 4 ildə Prezident İlham Əliyev Qubadlı rayonuna 4 dəfə səfər edib. İlk səfər bu torpaqda qalibiyyət rəmzi olan üçrənğli Bayrağımızın ucaldılması ilə tarixə yazıldı. Həmin mərasimdəki çıxışında “Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur” bəyan edərək bu çağırışı da səsləndirdi ki, biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik.
Milli Məclisin deputatı təkcə Qubadlı rayonunda görülən işlərə diqqət yetirməklə bərpa-quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaratmağın mümkünlüyünü bildirib. Qeyd edib ki, Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. İstifadəyə verilən “Qubadlı” yarımstansiyası rayonun 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq bu yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlı rayonuna 4 səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibi burada görülən işləri miqyası barədə aydın təsəvvür yaradır. Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi istifadəyə verilib, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirilib. “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq olub. Görülən işlər bunlarla tamamlanmır. Əsas hədəflərdən biri Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək, 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışını təmin etməkdir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu il sakinlərinə qovuşacaq şəhərlərin adlarını sadalamaqla bu hədəfi də açıqladı ki, Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur.