27 noyabr 2024 18:24
93

“Yer səthinin məsafədən müşahidəsi” - FOTO

Bu adda müsabiqənin təltifetmə mərasimi keçirilib

Noyabrın 27-də Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) bu ilin mart ayında elan etdiyi “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin təltifetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən “Azərkosmos”un sədr müavini Dunay Bədirxanov müsabiqənin əsas məqsədinin peyk təsvirləri, o cümlədən “Azersky” peykinin arxiv təsvirlərinin Azərbaycanda istifadəsini əlçatan etmək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını sürətləndirmək olduğunu diqqətə çatdırıb: “Müsabiqəyə tələbələr, müəllimlər, elmi-tədqiqat institutları, fərdi tədqiqatçılar, dövlət müəssisələri və özəl sektorun tədqiqatla məşğul olan nümayəndələr qatılıblar”.

“2016-cı ildən bu günədək “Azərkosmos” tərəfindən artıq 8-ci dəfə keçirilən müsabiqədə hər il təqdim olunan layihələrin sayı artır. Bu il “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinə 382 nəfər iştirak üçün müraciət edib. Onlardan 255 mövzu təsdiq edilmiş və həmin mövzular əsasında 78 layihə təqdim olunmuşdur. Bu layihələr arasından 52 layihə müsabiqə meyarlarına cavab verərək finala keçmişdir”,- deyə D.Bədirxanov bildirib.

O, diqqətə çatdırıb ki, çox sevindirici haldır ki, bu gün “Azərkosmos”un müsabiqələrində iştirak üçün layihələrin sayı 1000-i keçib. Müraciət edənlərin əksəriyyəti gənclərdir. Bu kosmik layihələrin çoxu BMT-nin dayanıqlıq hədəflərinə öz töhfəsini verir.

Sədr müavininin sözlərinə görə, müsabiqənin qiymətləndirilməsi zamanı iştirakçıların layihələrinin müxtəlif meyarlara uyğunluğu diqqətlə nəzərə alınmışdır. Bu meyarlar arasında iqlim dəyişikliklərinə qarşı mübarizə, elmi-tədqiqat yönümlülük, innovativlik və kommersiya yönümlülüyü, yəni layihə nəticələrinin real həllərə çevrilmə imkanı kimi vacib meyarlar ön planda olub.

D.Bədirxanov qeyd edib ki, bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində sözügedən müsabiqənin mövzusu da iqlim dəyişikliyi və onunla mübarizədə kosmik həllərin tətbiqinə həsr olunub: “Müsabiqənin bu mövzu ilə harmoniya yaratması məqsədilə müraciət edilmiş layihələr arasında kosmik texnologiyalar vasitəsilə iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə mövzuları əsas götürülmüşdür. Həmçinin gənclərin elmi fəaliyyətinin stumullaşdırılması məqsədilə qaliblər arasında gənc təqdiqatçıların layihələrinə üstünlük verilmişdir”.

"Azərkosmos"un Coğrafi İnformasiya Sistemləri  Mərkəzinin direktoru İsmət Baxışov çıxışında bildirib ki, bütün inkişaf etmiş ölkələrdə Yerin məsafədən müşahidəsində peykdən geniş istifadə edilir: “Azərbaycanda da bu xidmətlər göstərilir. Belə ki, Azərbaycanda peyk təsvirləri vasitəsilə təsərrüfatların monitorinqi, əkinlərin vegetasiya dövründə bütün neqativ hallarını müşahidə etməklə əvvəlcədən tədbirlər görülə bilər. Hazırda regional səviyyədə su resurslarının mütəmadi olaraq monitorinqi həyata keçirilir”.

İ.Baxışov deyib ki, bu müsabiqənin iştirakçıları kənd təsərrüfatı, ekologiya və ətraf mühitin qorunması, quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin monitorinqi, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, şəhər planlaması, turizm marşrutlarının təyin olunması ilə bağlı ideyalarını öz elmi işlərində peyk təsvirləri sayəsində vizuallaşdırma imkanı əldə ediblər.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ilk üç qalibi müvafiq olaraq birinci yer üzrə Aqro-iqlim zonalarının müəyyənləşdirilməsi üçün geoməkan texnologiyalarının inteqrasiyası: Müasir texnoloji standartlar kontekstində kompleks məlumat bazasının yaradılması - 5000 manat məbləğində mükafat, ikinci yer üzrə Xəzər dənizinin Nabran rayonu ərazisindəki sahilyanı meşələrin ekologiyasına təsiri - 3000 manat məbləğində mükafat,  üçüncü yer üzrə Şəhər istilik adalarının (şəhərin ətraf kənd yerlərindən daha yüksək temperaturun yaşandığı əraziləri) xəritələşdirilməsi və təsirlərinin azaldılması üçün CİS texnologiyası və peyk təsvirlərindən istifadə: Bakı şəhəri timsalında - 1500 manat məbləğində mükafata layiq görülüblər.

Müsabiqədə birinci yerin qalibi Həmidə Xanməmmədova  “İki sahil”ə müsahibəsində qeyd edib ki, Yer səthinin məsafədən müşahidəsi sahəsində mütəxəssis olaraq Bakıdakı şirkətlərdən birində çalışır. Bu sahədə artıq 4 ildir ki, fəaliyyət göstərən Həmidə “Azərkosmos”un müsabiqəsində qələbəsinin onun üçün böyük motivasiya olduğunu bildirib: “Ümid edirəm ki, layihənin bu sahədə çalışan digər həmkərlarıma bir faydası olacaq. Bu layihəni startap olaraq davam etdirmək istəyirəm”.

Yaqut Ağaşahqızı, “İki sahil”