24 aprel 2026 19:39
127

Bir məsələ aydındır ki…

Ermənistanda seçki prosesi yaxınlaşdıqca həyəcan da artır. Bu da səbəbsiz deyil. Siyasətçilərin fikrincə, Ermənistanda keçiriləcək parlament seçkiləri olduqca mühüm hadisədir. Çünki ölkənin, həm də Cənubi Qafqazın hansı istiqamətdə irəliləyəcəyi məhz bu seçimdən asılıdır.

Artıq baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" Partiyası, sabiq prezident Robert Koçaryanın "Hayastan" bloku, Samvel Karapetyanın "Güclü Ermənistan" Partiyası iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edəcəklərini rəsmən açıqlayıblar.  Son məlumata görə, keçmiş prezident Serjik Sarkisyan seçkilərdə "Güclü Ermənistan"ı dəstəkləyəcək. Bu barədə Nikol Paşinyan aprelin 23-də keçirdiyi brifinqdə deyib.

Seçkilər yaxınlaşdıqca hazırkı baş nazir N. Paşinyan ilə "Güclü Ermənistan"ın lideri, Rusiyalı oliqarx S. Karapetyan arasında mübarizə sərtləşir. Xidməti və ya vəzifə səlahiyyətlərindən istifadəyə görə ittiham edilən, hazırda ev dustağı olan S. Karapetyan Rusiyayönümlü siyasət yürüdür. Bir məsələni də vurğulayaq ki, aprelin 17-də Ermənistanın Antikorrupsiya Məhkəməsi "Güclü Ermənistan"ın lideri Samvel Karapetyanın ev dustaqlığını daha 3 ay uzadıb.

Karapetyan, eyni zamanda, erməni kilsəsinin təəssübkeşi kimi çıxış etməkdədir. Bir sözlə, o, hazırkı baş nazir Nikol Paşinyanın həyata keçirdiyi sülh siyasətini sərt tənqid edənlərdəndir. Onun fikri yalnız və yalnız sülh gündəliyini iflic etmək, regionu yenidən geosiyasi toqquşmalar meydanına çevirməkdir.

 Olayların dinamikası göstərir ki, həm iqtidar, həm də müxalifət qüvvələri bütün resurslarını səfərbər edərək həlledici mübarizəyə hazırlaşırlar. Lakin cəmiyyətdəki qeyri-müəyyənlik hələlik heç bir tərəfə qələbə zəmanəti vermir. Bu mənada gözləmək olar ki, Ermənistanda “Paşinyan-Karapetyan dueli” daha amansız forma alacaq. Bu isə o deməkdir ki, Nikol Paşinyanı baş nazir postu uğrunda ciddi mübarizə gözləyir. Onun şansları olsa da, rəqabət kifayət qədər güclü olacaq. Bu dueldən kimin qalib çıxacağı isə sadə erməni vətəndaşlarından asılıdır. Amma Nikol Paşinyanın Robert Koçaryanın rəhbəri olduğu “Hayastan” blokunu, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” və digər oliqarx Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyalarını nəzərdə tutaraq söylədiyi kimi, bir məsələ aydındır ki, Ermənistan xalqının iyunun 7-də keçiriləcək parlament seçkilərində “üçbaşlı müharibə partiyası”na səs verməsi üçün heç bir səbəb yoxdur. O, həmçinin bildirib ki, Ermənistan xalqı sülh üçün ayağa qalxmalı, müharibə tərəfdarlarının “itlərini və çaqqallarını”, siyasi avaraları siyasətdən qovmalıdır. Onun fikrincə, seçkilər erməni xalqı üçün keçmiş cinayətkar-oliqarx liderləri siyasi arenadan çıxarmaqdan ötrü müstəsna bir fürsətdir.

Qeyd edək ki, bu qüvvələr Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxır və seçkidə qalib gələcəkləri təqdirdə Bakı-İrəvan xəttində əldə olunan razılaşmalara yenidən baxacaqlarını bəyan edirlər. Halbuki Ermənistan və Azərbaycan arasında 30 ildən çox davam etmiş münaqişə başa çatıb, sərhədyanı bölgələrdə aylardır ki, atəş səsləri eşidilmir.  Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş paraflanıb, o vaxtdan sülh prosesində müsbət dinamika yaşanır. O cümlədən iki ölkə arasında ticarət başlanıb, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında görüşlər keçirilib. Lakin Rusiyameyilli müxaliflər bütün bunların üstündən xətt çəkməkdə israrlıdırlar. Bəzi məlumatlara görə, hətta Moskva Rusiyapərəst qüvvələrə səs vermək üçün Ermənistana qruplar göndərməyi də planlaşdırıb.         

Qvami Məhəbbətoğlu, “İki sahil”