25 oktyabr 2024 17:09
144

İnsultdan necə qorunmaq olar? - HƏKİM MƏSLƏHƏTİ

Kiminsə insult keçirdiyi və ya insultdan dünyasını dəyişməsi ilə bağlı  xəbərlərə tez-tez rast gəlirik.  Bəs insult nədir? Ondan qorunmaq mümkündürmü?

“İki sahil”in suallarını Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Mərziyyə Məmmədova cavablandırır: 

- İnsult, beyinə qan axınının pozulması nəticəsində yaranan ciddi bir vəziyyətdir. Bu, beyin hüceyrələrinin oksigen və qida maddələrindən məhrum olması ilə nəticələnir. Hüceyrələr tez bir zamanda zədələnir və ya məhv olur. İnsult beyindəki funksiyaların itirilməsi ilə müşayiət oluna bilər, buna görə də erkən müdaxilə vacibdir.

- Onun tipləri haqqında məlumat verə bilərsinizmi?

İnsultun iki əsas tipi var: işemik və hemorragik. İşemik insult, beyin damarlarının tıxanması nəticəsində qan axınının dayanması ilə baş verir və ən yayılan formadır. Hemorragik insult isə, beyin damarının partlaması və qanaxma nəticəsində yaranır. Hər iki tip fərqli müalicə yanaşması tələb edir.

- İnsultun ilkin simptomları və həkim gələnə qədər ilk yardım qaydaları ilə bağlı nələri bilmək lazımdır?

İnsultun ilkin simptomları arasında ani zəiflik, bədənin bir tərəfində uyuşma, nitqdə çətinlik, görmə problemləri və başgicəllənmə ola bilər. 

FAST testi bu simptomları asanlıqla müəyyən etməyə kömək edir:

• F (Face – Üz): Üzdə asimetri, bir tərəfin aşağı düşməsi.

• A (Arms – Qollar): Bir qolu qaldırmaqda çətinlik və ya zəiflik.

• S (Speech – Nitq): Nitqin qarmaqarışıq və ya aydın olmaması.

• T (Time – Zaman): Əgər bu əlamətlər müşahidə olunursa, dərhal təcili tibbi yardım çağırılmalıdır.

Həkim gələnə qədər xəstəni uzanmış vəziyyətdə saxlayaraq başını bir qədər yüksəltmək, nəfəs yollarını açıq tutmaq və təzyiqi ölçmək kimi tədbirlər görülməlidir. Ən önəmlisi dərhal təcili tibbi yardıma müraciət etməkdir.  

Düzgün qidalanma, müntəzəm fiziki aktivlik, qan təzyiqini, xolesterol səviyyəsini və qan şəkərini nəzarətdə saxlamaq, siqaretdən və alkoqoldan uzaq durmaq insult riskini əhəmiyyətli dərəcədə azaldır

- İnsultu yaradan risk faktorları hansılardır?

- İnsult risk faktorlarına yüksək qan təzyiqi (hipertoniya), şəkərli diabet, yüksək xolesterol, ürək xəstəlikləri, siqaret çəkmək, alkoqol istifadəsi və oturaq həyat tərzi daxildir. Bu faktorların idarə edilməsi insult riskini əhəmiyyətli dərəcədə azalda bilər.

- Kimlər risk qrupuna aiddir?

- Yüksək qan təzyiqindən, diabetdən və ürək xəstəliklərindən əziyyət çəkənlər, siqaret çəkənlər və yaşlı insanlar insult risk qrupuna daxildirlər. Həmçinin, ailədə insult keçirmiş birinin olması da genetik faktorlar səbəbindən riskin artmasına səbəb ola bilər.

- İnsult riskini azaltmaq, bu xəstəliklərdən qorunmaq üçün nələrə diqqət etmək lazımdır?

- Sağlam həyat tərzini qorumaq çox vacibdir. Düzgün qidalanma, müntəzəm fiziki aktivlik, qan təzyiqini, xolesterol səviyyəsini və qan şəkərini nəzarətdə saxlamaq, siqaretdən və alkoqoldan uzaq durmaq insult riskini əhəmiyyətli dərəcədə azaldır. Profilaktik müayinələr də erkən diaqnoz və müdaxilə üçün vacibdir.

Yaqut Ağaşahqızı, "İki sahil"