Oktyabrın 22-də Avropa Parlamentində Azərbaycandakı vəziyyət, eləcə də, Ermənistanla münasibətlərə dair dinləmələr keçirilib. Dinləmələrdə bəzi Avropa siyasətçiləri növbəti dəfə Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış edərək absurd qətnamə qəbul ediblər. Məsələ burasındadır ki, son dörd ildə, Avropa Parlamentinin, demək olar, bütün dinləmələrində belə absurd iddialar səslənib. Xüsusilə son dinləmədə Avropa komissarı Nikolas Şmitin səsləndirdiyi fikirlər qeyri-ciddiliyi ilə diqqəti cəlb edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə oktyabrın 22-də yuxarıda qeyd etdiyimiz iddialara münasibət bildirib. O qeyd edib ki, rəsmi Bakı Nikolas Şmitin Azərbaycan əleyhinə səsləndirdiyi qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatı qətiyyətlə rədd edir: “Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir. AXFX və Avropa Parlamentinin bu cür zərərli yanaşması çoxdan səmərəsiz olduğunu və heç bir nəticə vermədiyini sübut etməklə yanaşı, yalnız Azərbaycan-Avropa münasibətlərini mürəkkəbləşdirir”.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində belə dinləmələrin keçirilməsi və səslənən əsassız iddialar məqsədlidir. Niyyət rəsmi Bakının artan nüfuzuna kölgə salmaqdır. Əslində, Avropa İttifaqının (Aİ) Azərbaycandakı durum barədə danışmağa, ümumiyyətlə, haqqı yoxdur. Əgər Avropa Parlamenti həqiqətən obyektivdirsə, onda niyə Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə heç bir reaksiya verməyib? Həmçinin, bəzi Aİ ölkələrində insan haqlarının pozulması, polis zorakılığı kimi məsələlər nə üçün heç vaxt gündəmə gətirilməyib. Məsələn, Avropa Parlamenti kolonialist siyasətindən əl çəkməyən Fransaya niyə heç vaxt “gözün üstündə qaşın var” deməyib?
Bu gün Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə aksiyaların qanla boğulması kimi hallara tam etinasızlığı fonunda Avropa Parlamentinin Azərbaycandakı durum və Bakı ilə İrəvan arasındakı münasibətlər barədə nəinki danışmağa, bircə kəlmə də deməyə, əlbəttə, mənəvi haqqı çatmır. Görünən mənzərə onu deməyə əsas verir ki, Avropa Parlamenti və ümumilikdə Aİ bölgədə sülh və sabitliyə zərbə vurmaqla məşğuldur. Məqsəd Cənubi Qafqazda yeni gərginlik yaratmaq və beləliklə, regiona nüfuz etməkdir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Ölkəmizdə bir çox etnik qruplar var. Bu etnik qrupların bir neçəsi və onlara mənsub olan insanlar Qarabağda yaşamış erməni əhalisindən qat-qat çoxdur. Əsl reallıq ondan ibarətdir ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur. Dövlət başçımızın qeyd etdiyi kimi, bu, təxminən 300 min insan təşkil edir: “Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən, qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən, azərbaycanlıların da Ermənistana qayıtması məsələsini qoyuruq.” Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin bir il əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur.
Deputat diqqətə çatdırıb ki, göründüyü kimi, 700 mindən artıq məcburi köçkünün, 300 mindən artıq Qərbi azərbaycanlının qayıdış hüquqlarından bir dəfə də olsun bəhs etməyən, 1 milyondan artıq insanın hüquqlarını görməzdən gələn Avropa Parlamentini bu gün hansı maraqlar danışdırır, bizə tam aydındır. Biz çox yaxşı xatırlayırıq ki, dörd il öncə Gəncə, Bərdə, Tərtərdə dinc insanlar Ermənistan tərəfindən raket atəşinə tutularkən, yüzlərlə mülki şəxs, qadınlar, qocalar, uşaqlar, məhz, azərbaycanlı olduqları üçün müharibə cinayətlərinə qurban gedərkən bu riyakarlar susurdu.
K.Bayramov vurğulayıb ki, hazırda Avropa Parlamentində sanki anti-Azərbaycan, türkofob, islamofob olmayanlar deputat seçilə bilmir. Bu günlərdə anti-Azərbaycan və şovinist mövqeyi ilə tanınan Natali Luazonun Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində sədrin birinci müavini təyin edilməsi də buna misaldır. Buna görə də, Azərbaycana qarşı müzakirələr və qətnamə təşəbbüsü təəccüblü deyil. O, bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransının iştirakçılarını terrorçuların azad edilməsi üçün rəsmi Bakıya təzyiq etməyə çağırıb. Avroparlamentdə Luazon kimilərin Azərbaycana qarşı çıxış etməsi, uydurmalara dayanan “qətnaməyə” səs verməsi gözlənilən idi. Çünki onlar bu xidmətləri göstərmək üçün Avropa Parlamentinə seçdiriliblər. Belə saxtakar deputatları bol olan Avropa Parlamentinin qarşısında Azərbaycanın heç bir öhdəliyi yoxdur. Odur ki, onların müzakirəyə çıxararaq qəbul etdikləri qətnamələr də Azərbaycan üçün heç bir hüquqi qüvvəyə malik deyil. Bu qətnamələr erməni lobbisinin, terrorçuluqda ittiham olunan rubenlərin çirkli pullarının yuyulması hesabına qəbul olunan əhəmiyyətsiz kağız parçalarıdır.
Bütün bu faktlar Avropa Parlamentində erməni lobbisinin təsiri altında olan qrupların mövcudluğunu təsdiqləyir. Heç şübhəsiz, onlar bu xidməti "qonorar"sız etmirlər. Avropa Parlamentinin keçmiş sədri Eva Kaylinin həbs edilməsi bu qurumun rüşvətxor və korrupsioner olduğunu təsdiqləyən ən biabırçı hadisədir.