28 noyabr 2024 00:43
82

Əsassız böhtanlar, uydurma iddialar

Paşinyanın və ona arxa duran bəzi xarici “siyasətçilərin” Qərbi Azərbaycanla bağlı səsləndirdikləri fikirlər mifik, çürük erməni təfəkkürünün məhsuludur

Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda erməni separatizminə son qoyulması və bütün ərazilərimiz üzərində Azərbaycanın milli suverenliyinin bərpa edilməsi yalnız müasir deyil, son bir neçə əsrlik tariximizin mühüm hadisələridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli siyasəti nəticəsində nail olduğumuz bütün bu uğurlar, Vətən müharibəsində və antiterror tədbirlərində qazandığımız zəfərlər təsdiq etdi ki, Azərbaycan özünün milli hədəflərinə çatmağı bacaran dövlətdir. Ermənistan yalnız Qarabağı və Şərqi Zəngəzuru işğal etməmişdi. Bu dövlətin indiki ərazisi də tarixi Azərbaycan torpaqlarıdır və zaman-zaman ermənilər tərəfindən işğal olunub. Azərbaycan bolşeviklər tərəfindən işğal olunandan sonra isə Qərbi Zəngəzur SSRİ mərkəzi hakimiyyətinin qərarı ilə Ermənistana verilib. Vətən müharibəsində və antiterror əməliyyatlarında zəfərlər qazanaraq Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı qətiyyətlə gerçəkləşdirən Azərbaycan dövlətinin növbəti tarixi hədəfi isə qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qaytarmaqdır.

Qeyd edək ki, Azərbaycan cəmiyyətində Qərbi Azərbaycana qayıdış çağırışları həmişə olub. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında indiki Ermənistanın Azərbaycan ərazilərində yaradıldığını deyib. Məsələn, Prezident İlham Əliyev hələ 2011-ci ilin aprelində bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edən zaman bu barədə demişdi: "Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır".

Bir sözlə, indiki Ermənistan ərazisindəki Qərbi Azərbaycan bir reallıqdır və bu gerçəklik gün kimi aydındır. Ermənistanın baş naziri Nikol Paşinyan isə Qərbi Azərbaycan çox savadsızcasına uydurma Qərbi Ermənistanla müqayisə edir. Bu günlərdə Paşinyan İctimai TV-yə müsahibəsində Qərbi Azərbaycanla qondarma “Qərbi Ermənistan” arasında uğursuz müqayisə aparıb: “Biz "Qərbi Azərbaycan" ifadəsini eşidəndə qəzəblənirik. Amma düşünmürük ki, biz "Qərbi Ermənistan" deyəndə bu da kimisə qıcıqlandırır". Təbii, Paşinyanın bu iki məsələni-reallıqla uydurmanı eyni müstəviyə qoymaq cəhdi yolverilməzdir, çünki Qərbi Azərbaycan reallıqdır, gerçək bir ərazidir, amma “Qərbi Ermənistan” ifadəsi mifik, çürük erməni təfəkkürünün məhsuludur. Yeri gəlmişkən, Paşinyanın bu qeyri-adekvat müqayisəsi Ermənistanda da kəskin reakiya doğurub. Məsələn, Tarix İnstitutunun direktoru Aşot Melkonyan Ermənistanın baş naziri Nikol Paşinyanın son müsahibəsindən hiddətlənib və “Azadlıq” radiosunun müxbiri ilə söhbətində onun fikirlərini tənqid edib, təbii ki, bu tənqid ermənisayağı tənqiddir. Onun qeyd etdiyinə görə, paralellər aparanda bu o deməkdir ki, biz Qərbi Azərbaycan dedikdə indiki Ermənistan Respublikasının ərazisini nəzərdə tuturuq. Qərbi Azərbaycan ifadəsinin baş nazirin ağzından eşidilməsini tarixçi narahatlıqla qarşılayıb. Bunun ardınca isə Ermənistanın Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanov “Qərbi Ermənistanla” bağlı cəfəng açıqlama verib və Paşinyanın dediklərinə öz aləmində “düzəliş edib”. İ.Şarmazanov iddia edib ki, guya 387-ci ildə dünyada “Qərbi Ermənistan” “termini” işlədilməyə başlayıb. Guya “Qərbi Ermənistan” “siyasi”, “tarixi” və “elmi termindir”. Guya bu ifadə 387-ci ildə “Ermənistanın Roma və İran arasında ilk bölünməsindən” sonra istifadə olunmağa başlayıb. Guya həmin dövrdə “Qərbi Ermənistan” olub.

Rəsmi İrəvanın Qərbi Azərbaycan barədə çaldığı havaya Yelisey Sarayının nümayəndələri də ayaq verir. Fransanın Ermənistandakı səfiri Olivye Dekottini sosial şəbəkə səhifəsində yazıb ki, yeganə Qərbi Azərbaycan İranda yerləşir: “Bu tək və təkrarolunmazdır”. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan isə “Azərbaycan İrəvanı” ifadəsinə etiraz edərək iddia edib ki, bu, ölkəsinə qarşı ərazi iddiasıdır. Qərbi Azərbaycan, Azərbaycan İrəvanı kimi ifadələr təsadüfi və əsassız deyil. Bu nə səfir Olivye Dekottini, nə də Ani Badalyanın savadı ilə dəyərləndiriləcək məsələdir. Qərbi Azərbaycan azərbaycanlıların pozulmuş, tapdanan hüquqlarının bərpası üçün elan olunub. Bu, indiki Ermənistandan qovulmuş azərbaycanlıların sıx yaşayacağı ərazidir. Onu İranın, Güney Azərbaycanın mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycanla qarşı-qarşıya qoymaq, “Qərbi Ermənistan”la müqayisə etmək istəyənlərin qərəzi gizlədilə bilinməyəcək dərəcədə çoxdur. 300 minə yaxın (üçüncü mərhələdə qovulanların sayı) azərbaycanlının vətəndaşlıq, mülkiyyət və insan hüquqları 35 ildən artıqdır pozulur. Beynəlxalq ictimaiyyət bu məsələyə diqqət yetirmək, bu problemin həllinə yardım etməklə Azərbaycan-Ermənistan normallaşma prosesinə, sülh sazişinin imzalanmasına daha böyük yardım edər. Bu, həm də Cənubi Qafqazda davamlı sülh və sabitliyə təkan verər. Qərbi Azərbaycan əyaləti isə - ərazisi 37 437 kv. km, 2006-cı ildə aparılmış siyahıya almaya əsasən əhalisinin sayı 2 milyon 873 459 nəfərdir. Əhalisi əsasən Azərbaycan türklərindən ibarətdir. Bu əyalət beynəlxalq ictimaiyyətin diqqət etmədiyi Urmiya gölü ilə də məşhurdur. Qərbi Azərbaycan əyaləti rəsmi statusa malik Güney Azərbaycan, indiki İran ostanıdır. Hazırda bu əyalətə iddia edən başqa gəlmə etnik qruplar da var. Onların iddialarına görə, bu əyalət, o cümlədən Urmiya türklərə aid deyil. Qərbi Azərbaycan əyaləti Türkiyə ilə sərhəddə yerləşir. Tehran hakimiyyəti həmin bölgəyə başqa etnik qrupların nümayəndələrini yerləşdirərək Azərbaycanla Türkiyənin arasını kəsməyi hədəfləyirlər. Qərbi Azərbaycan əyaləti ilə Qərbi Azərbaycan bölgəsi arasında başlıca fərq Urmiya mərkəzli Azərbaycan əyalətində türklərin yaşaması, onun varlığı uğrunda mübarizə aparmasıdır. İrəvan, Zəngəzur da daxil olmaqla Qərbi Azərbaycanda isə hazırda türklər yaşamır. Urmiya mərkəzi Azərbaycan bölgəsində türklərin ana dili, milli mədəniyyət hüquqları tapdanır. Torpaqları türklərdən təmizləmək üçün min bir hiylə, oyun qurulur. Bununla da Qərbi Azərbaycan əyalətini Qərbi Azərbaycan bölgəsinin vəziyyətinə salmağa çalışırlar.

Sevinc Azadi, “İki sahil”