26 iyun 2025 22:32
105

Manisada “Qərbi Azərbaycana Qayıdış – Türk dünyası” mövzusunda tədbir keçirilib

Türkiyənin Manisa şəhərində “Qərbi Azərbaycana Qayıdış – Türk dünyası” mövzusunda tədbir keçirilib. Mərasim Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Media Araşdırmaları və Monitorinq Mərkəzi və Manisa Azərbaycan Mədəniyyət Evinin birgə layihəsi əsasında, Manisa Azərbaycan Evinin təşəbbüsü, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF), Manisa Dostlar Məclisi, Etkinlik-Sen Manisa Vilayət Təşkilatı və Yunus Emire Bələdiyyəsi tərəfindən təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə TADDEF-in sədri Mehmet Kıyas Azeritürk, Media Araşdırmaları və Monitorinq Mərkəzinin rəhbəri Zaur Qəriboğlu, Manisa Azərbaycan Mədəniyyət Evi Dərnəyinin rəhbəri Seyfəddin Ayaqyay, şair-yazıçılar Tuğrul Keskin və Müslüm Oğuz çıxış ediblər.

Mehmet Kıyas Azeritürk çıxışında Qərbi Azərbaycandan sürgün edilən yüz minlərlə Azərbaycan türkünün unudulmadığını qeyd edərək bildirib ki, Qərbi Azərbaycandan, xüsusilə də İrəvandan zorla çıxarılan soydaşlarımızın yaşadıqları faciə hələ də yaddaşlarımızdadır. Onların xatirəsini yaşatmaq, ədalətli və sülhə əsaslanan qayıdış haqqını müdafiə etmək bizim borcumuzdur. Bu, təkcə Azərbaycan türklərinin deyil, bütün Türk dünyasının şərəf məsələsidir.

Zaur Qəriboğlu çıxışında İrəvanın tarixi olaraq bir türk şəhəri olduğunu xatırladaraq deyib: “Tarixi sənədlər, məzar daşları, məscid qalıqları və mədəni izlər açıq şəkildə göstərir ki, İrəvan türk şəhəridir. Bu izlər məhv edilməyə çalışılsa da, həqiqəti heç kim dəyişə bilməz. Biz media vasitəsilə bu həqiqətləri anlatmağa, sənədləşdirməyə və dünyaya çatdırmağa davam edəcəyik.”

Şair-yazıçı Müslüm Oğuz isə sürgün edilən insanların çəkdiyi ağrıların ədəbiyyata da yansıdığını vurğulayıb.

Bildirilib ki, bu gün hələ də on minlərlə insanın ürəyi İrəvanda qalıb. O torpaqları tərk etmək məcburiyyətində qalan böyüklərimiz dünyasını Vətən həsrəti ilə dəyişiblər. Bu ağrı təkcə bir siyasi hadisə deyil, həm də mədəni, tarixi və vicdan yarasıdır.

Seyfəddin Ayaqyay mərasimin sonunda tədbirə göstərilən böyük marağa görə iştirakçılara təşəkkürünü bildirərək, bu tədbirin Qərbi Azərbaycan məsələsinin yalnız azərbaycanlıların deyil, həm də Türkiyənin və bütün Türk coğrafiyasının ortaq məsələsi olduğunu bir daha göstərdiyini vurğulayıb.

Tədbirdə Manisa Böyükşəhər Bələdiyyəsi baş katibinin müavini Oğuz Murat Pınar, Ailə və Sosial Xidmətlər İdarəsinin müdiri Mustafa Kılıç, Yunus Emire Bələdiyyə sədrinin müavini Mehmet Mesut Doğan, Etkinlik-Sen vilayət rəhbəri Yalçın Taşdemir, müxtəlif siyasi partiyaların nümayəndələri, QHT rəhbərləri və çox sayda vətəndaş iştirak edib.