Hazırda bəzi qlobal və regional aktorların Xəzər regionu ölkələrini seçim qarşısında qoymağa çalışmalarının şahidi oluruq.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzi Forumunun Çinin Şanxay şəhərində təşkil edilən 12-ci toplantısındakı çıxışı zamanı deyib.
O qeyd edib ki, geosiyasi qarşıdurmalar və beynəlxalq ticarət marşrutlarının həssaslığı fonunda Xəzər regionunun əhəmiyyəti yenidən daha qabarıq şəkildə özünü büruzə verir:
"Son 30 ildə Xəzər regionu ölkələri vacib geosiyasi aktorlara münasibətdə balansı qorumağa çalışıblar və bu xətt regionun əksər ölkələrinin xarici siyasətinin prioriteti olaraq qalmağa davam edəcək. Nəzərə alınmalıdır ki, region ölkələrinin özlərinin milli maraqları, ilk növbədə, müstəqillik, ərazi bütövlüyü və suverenlik kimi fundamental maraqları mövcuddur. Lakin beynəlxalq hüququn prinsipləri, xüsusən də ərazi bütövlüyü və suverenlik qlobal güclər tərəfindən pozulur. Bu isə hazırkı dünya düzənini daha həssas və parçalanmış vəziyyətə gətirir. Hazırda qlobal sülh və stabilliyə nail olunması çox uzaq bir ehtimal kimi görünə bilər. Lakin ölkələr ən azı regional səviyyədə konsensusa nail olmağın yollarını tapmalıdırlar”.
F.Şəfiyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra hər zaman çoxtərəflilik və beynəlxalq hüququn aliliyinə dəstəyini ifadə etməsinə diqqət çəkib:
“Son üç onillik Qarabağın Ermənistan tərəfindən işğalı səbəbindən Azərbaycanın əsas diqqəti ərazi bütövlüyünün bərpasına istiqamətlənmişdi. Torpaqlarımızın Ermənistan işğalından azad edilməsindən sonra Azərbaycan diqqətini regional və qlobal səviyyədə xarici siyasət əməkdaşlığının gücləndirilməsinə yönəldib. Hazırda Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan xarici siyasətinin prioritetidir. Cənub Qafqaz və Mərkəzi Asiya regionları arasında dil, etnik kimlik, mədəni və dini əlaqələr daxil olmaqla, çoxlu oxşarlıqlar mövcuddur”.
BMTM sədri Azərbaycan və Çin arasındakı münasibətlərə toxunaraq iki ölkə arasında möhkəm siyasi əlaqələr, fəal dialoq iqtisadiyyat, ticarət, nəqliyyat, telekommunikasiyalar və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm baza formalaşdığını diqqətə çatdırıb.
“Azərbaycan Çinlə əməkdaşlığını həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində dərinləşdirir. Prezident İlham Əliyevin ŞƏT sammitində iştirakı Azərbaycanın çoxtərəfli dialoqa, regional və qlobal əhəmiyyətli məsələlərlə bağlı əməkdaşlığa sadiqliyini əks etdirir. 2015-ci il Ufa sammitində dialoq üzrə tərəfdaş statusu əldə etdikdən sonra Azərbaycan təşkilat daxilindəki rolunu daha da artırmaq istiqamətində addımlar atıb”, - deyə sədr əlavə edib.
O, həmçinin Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini həm ikitərəfli, həm də çoxtərəfli platformalarda gücləndirdiyini, bu əlaqələrin əsasən Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf etdiyinə diqqət çəkib.
Qeyd edək ki, oktyabrın 24-25 tarixlərində keçirilən toplantı “Çoxqütblü dünyada Asiyanın yeni rolu” mövzusuna həsr olunub.