04 oktyabr 2024 16:27
514

Cəbrayıl şəhərində dalğalanan şanlı Bayrağımız

Qarabağın  öz  dilbər  guşələri ilə  seçilən  gözəl  yerlərindən  biri  də  Cəbrayıl rayonudur. Azərbaycan  Respublikasının  cənubunda  Kiçik  Qafqaz  dağlarının cənub  Şərqində, Araz  çayının   sol  sahilində, cənub  tərəfdən  İran  İslam  Respublikası, cənub – qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan  Xocavənd, Şərqdən isə Füzuli rayonları  ilə həmsərhəd  olan  Cəbrayıl  haqqında  İran tarixçisi  Həmdullah  Qəzvininin ( XIII-XIV əsrlər ) , Azərbaycan  tarixçiləri A. Bakıxanov , Əhməd  bəy  Cavanşir , Mirzə Camal  Cavanşir, Mirzə Adıgözəl bəy və başqalarının əsərlərində  dəyərli məlumatlara  rast  gəlmək  olur.

Cəbrayıl  əraziləri  insanın  formalaşdığı  yerlərdən  biri  olmuşdur. Məhz  ibtidai insan da bu  ərazidə  yaşamışdır. Belə ki, məşhur  Azıx  mağarasının  Cəbrayıl qəzası  ərazisində  olması, eyni  zamanda Dağtumas  kəndi yaxınlığındakı “ Nəfəsli  dərə “ deyilən  ərazidə yerləşən “ Divlər  sarayı” mağarasından  tapılmış  yaşayış  üçün təbii  məhsulların  və  əmək  alətlərinin   bol  olması  bunu  deməyə  əsas  verir.

Rayonun  adı  mərkəz olan Cəbrayıl  kəndinin   adından  götürülmüşdür. Cəbrayıl  kəndinin   əsasını VIII əsrdə  yaşamış Cəbrayıl  ata  qoymuşdur. O , Sultan Əhməd  adlı  bir  hökmdarın yaxın  adamlarından  biri   olmuşdur.

XIX  əsrin  ikinci  yarısında  və XX əsrin 50-ci illərində Cəbrayıl  kəndinə Qıraxdın  da deyilmişdir. Cəbrayıl  rayonunun  ərazisi   sement, mərmər , mişar  daşı və  digər  qiymətli  tikinti  materialları  ilə zəngindir. Dəmir  filizi , hətta  neft  yataqlarının  olduğu da məlumdur. Rayonun  ərazisindəki  türk  qəbiristanlığındakı  türbə  və məqbərələrin  hər  biri  nəsildən—nəslə ötürülmüş  canlı tarixdir. Azərbaycan memarlıq  sənəti tarixinin  bəzəyi  sayılan möhtəşəm  tarixi   abidələrimizdən  biri  olan  Xudafərin körpüsü  də Cəbrayıl  rayonunda  yerləşir.

Təəssüf  ki, Cəbrayıl  rayonu  1993-cü  il avqust  ayının   23-də  əzəli  və  əbədi  düşmənlərimizin  tapdağı  altına  keçdi. İşğal  zamanı  rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən  ibarət  idi. Ermənilər  işğal müddətində  Cəbrayıl  şəhərini və  rayonun  kəndlərini  dağıdıb, mədəni, tarixi , dini abidələri, qəbiristanlıqları yerlə  bir  edib, ekoloji  terror  törədib. 1994-cü il  5 yanvar  tarixində  Horadiz  əməliyyatı  zamanı  Cəbrayılın Cocuq  Mərcanlı kəndi  işğaldan azad olunub. 2016-cı  il Aprel  döyüşləri zamanı Azərbaycan  Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən  təmizlənib və Cocuq Mərcanlı  kəndi Azərbaycan  Ordusunun   nəzarəti  altına  keçib.

Azərbaycan  Ordusunun 2020-ci il  sentyabrın  27-də  başladığı  əks-hücum  nəticəsində aparılan  uğurlu  döyüş  əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl  şəhəri  erməni işğalından  azad   edilib. Döyüşlərin  ilk  günündə cəbhəni  yaran  rəşadətli Azərbaycan  Ordusu  düşməni  geri  çəkilməyə  məcbur edib. Bir  neçə  gün  ərzində  Cəbrayıl  rayonunun xeyli kəndi  işğaldan  azad  edilib. Cəbrayıl  şəhərinin  işğaldan  azad   edilməsini  isə  Azərbaycan Respublikasının Ali Baş  Komandanı  İlham  Əliyev  oktyabrın 4-də  xalqa  müraciətində  elan  edib.

Cəbrayıl  44  günlük  Vətən  müharibəsində  azad edilən  ilk  rayon  olub. Azərbaycan Ordusu  tərəfindən  Cəbrayıl  rayonunun  1 şəhəri  və 80 kəndi  işğaldan azad olunub. Azərbaycanın  Vətən  müharibəsində düşmən  üzərində qalib  gəlməsindən 6 gün sonra—2020-ci il  noyabr  ayının  16-da Prezident  İlham Əliyev  və birinci  xanım Mehriban  Əliyeva işğaldan  azad  edilən  Cəbrayıl rayonunda  olublar. Prezident Cəbrayıl  şəhərində  və Xudafərin  körpüsündə şanlı  Azərbaycan  bayrağını  qaldırıb.

Elnarə  Qocayeva,
Bakı şəhəri, Xətai  rayonu, T. Bağırov  adına 59 nömrəli tam orta  məktəbin müəllimi,
YAP Xətai  rayon  təşkilatının  üzvü.