26 noyabr 2024 23:14
134

Uduzulmuş oyunun yorğun, miskin, əhədi kəsilmiş “oyunçuları”

AXCP sədri Əli Kərimlinin, onun müavinləri Seymur Həzinin, Fuad Qəhrəmanlının “Milli Şura”nın rəhbəri Cəmil Həəsnlinin, bu qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və digərlərinin saxta məlumatları, donosları əsasında beynəlxalq ictimai şüurda ölkəmiz haqqında mənfi rəy formalşdırmaq cəhdləri iflasa uğradı

Azərbaycanın çox yüksək səviyyədə təşkil etdiyi beynəlxalq əhəmiyyətli iqlim dəyişmələri konfransı uğurla başa çatdı. Bakının COP29-a ev sahibliyi edəcəyinin bilindiyi gündən sonuna qədər bədxahlarımızın BMT-nin bu möhtəşəm tədbirinin boykot edilməsinə yönəlik çağırışları, əsassız, uydurma ittihamlarla Azərbaycanın sədrliyni hədəfə almaları, ermənipərəst qüvvələrin təşviqi ilə Avropa parlamentində respublikamızın əleyhinə bədnam qətnamənin qəbulu bir daha təsdiq etdi ki, bütün bunlar öncədən tərtib olunmuş ssenariyə uyğun baş verir.

Təbii ki, Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu ən yüksək səviyyədə nümayiş etdirən, ölkəmizin siyasi kursunun, iqlim diplomatiyasının qələbəsi kimi tarixə düşən COP29-un uğurlu sonluqla yekunlaşması rəsmi Bakıya qarşı öz məkrli ssenarilərini həyata keçirmək istəyənlərin çirkin niyyətlərini puç etdi. Əvvəllər olduğu kimi, bədnam anti-Azərbaycan dairələrin qlobal əhəmiyyətli tədbirin davam etdiyi günlərdə AXCP sədri Əli Kərimlinin, onun müavinləri Seymur Həzinin, Fuad Qəhrəmanlının “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, bu qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və digərlərinin saxta məlumatları, donosları əsasında beynəlxalq ictimai şüurda ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri bu dəfə də baş tutmadı. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində davamlı ictimai-siyasi sabitliyə və sosial-iqtisadi inkişafa nail olan ölkəmizin qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək potensialını bir daha nümayiş etdirməsi erməni lobbisini və onun muzdlu nökərlərini Azərbaycana qarşı apardıqları informasiya müharibəsi cəbhəsində biabırçı məğlubiyyətə uğratdı.

İş orasındadır ki, erməni lobbisinin, onların təsiri altında olan riyakar siyasətçilərin, dövlətimizin uğurlarından qıcıqlanan anti-Azərbaycan mərkəzlərin və islamofob dairələrin COP29 başlamazdan əvvəl ölkəmizə qarşı apardıqları  intensiv qərəzli informasiya müharibəsində ölkəmizdəki radiakl müxalifət təmsilçiləri xüsusi fəallıq göstərirdilər.

Ayrı-ayrı güc mərkəzlərinin geosiyasi qarşıdurmaları təhlükəli bir partlayışla üz-üzə qaldığı indiki dövrdə ölkəmizin başçısının siyasi uzaqgörənliklə yürütdüyü müstəqil, milli maraqlara əsaslanan xarici siyasət sayəsində Azərbaycanın sabitlik adasına, rifah diyarına çevrilməsini həzm edə bilməyən məkrli dairələrin miskin əlaltısına çevrilən antimilli ünsürlərin son zamanlar sosial şəbəkələrdəki xəyanətkar fəaliyyətləri bunun əyani təsdiqidir. Bu marginal dəstə COP29 ərəfəsində, eləcə də bu beynəlxalq əhəmiyyətli tədbirin Bakıda davam etdiyi günlərdə erməni lobbisinin nəzarətində olan media vasitələrində ölkəmizin əleyhinə yönəlmiş informasiya hücumunu məhz ermənipərəst mərkəzlərin sifarişi və pulu ilə gücləndirmişdi. Bir müddət əvvəl AXCP sədri Ə.Kərimlinin özünün sosial şəbəkə statusunda ABŞ-ın bəzi ermənipərəst konqresmen və senatorlarının ölkəmizi əsassız ittiham etmələrinə haqq qazandırması Azərbaycanın beynəlxalq aləmdə imicinin ləkələnməsinə hesablanmış ən çirkin metodun əyani göstəricisidir. Həmin konqresmenlər hazırda ölkəmizdə həbsdə olan Qarabağdakı separatçı terrorçuların əliqanlı, cinayətkar dəstəbaşılarının azad edilməsini istəyirlər. 

Azərbaycan əleyhdarlarının ikrah doğuran əməlləri bütün detalları ilə ortadadır. Onlar Azərbaycanın düşmənləridir. Bəs adını azərbaycanlı qoyaraq onların dəyirmanına su tökən Vətən, millət dönüklərinin bu mənəviyyatsız, namərd əməllərinə nə ad vermək olar? Şübhəsiz, bu üzdəniraq zümrə tərəfindən COP29-la bağlı aparılan rəzil kampaniyanın lap əvvəlindən hiss olunurdu ki, həmin xəyanətkarların başlatdıqları kampaniya ölkəmizin milli mənafe və maraqlarına qarşı məharətlə idarə olunan məkrli və zərərli bir oyundur. Həm də uduzulmuş oyun…

Zahid Rza, “İki sahil”