04 oktyabr 2024 14:55
435

Cəbrayıla yeni həyat qayıdır

Ölkəmiz uzun illər təcavüzkar Ermənistanın işğalı ilə üz-üzə qalmışdı. Erməni işğalında qalan rayonlarımızdan biri də Cəbrayıl rayonudur ki, bu rayon 27 il boyunca işğaldan əziyyət çəkdi. İşğala qədər 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olan Cəbrayıl rayonuna erməni işğalı zamanı 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.

Rayon ərazisində olan 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub, 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İşğal nəticəsində rayonda bütün maddi-mədəni abidələr-“Divlər Sarayı” mağarası, “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.  

Çox təəssüflər olsun ki, otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susqunluq nümayiş etdirdi və münaqişənin həlli istiqamətində əməli addımlar atmadı. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Lakin məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi. İyirmi yeddi il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etdiyi halda təcavüzkarın tamahı daha da böyümüşdür. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan işğalla əsla barışa bilməzdi. Hələ 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi.

Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri Vətən müharibəsinin ilk günündə, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri 3 oktybar tarixində, Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri 4 oktyabr tarixində işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra rəşadətli ordumuz tərəfindən düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Cəbrayıl rayonun tarixində növbəti əlamətdar hadisə 2020-ci ilin noyabr ayının 16-da baş verdi. Bu əlamətdar hadisə Azərbaycan Prezidenti  İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna səfəri idi. Müzəffər Ali Baş Komandan  İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyəti vardır. Azərbaycan tarixində dərin iz buraxan Xudafərin həm də xalqımızın mənəviyyatında milli qürur məsələsidir.

Rəşadətli ordumuzun göstərmiş olduğu qəhrəmanlıq və şücaəti qiymətləndirmək məqsədi ilə Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalını təsis etdi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümumilikdə Cəbrayıl rayonuna 10 dəfə səfər etmiş və səfərləri zamanı rayon ərazisində çoxsaylı infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü