23 avqust 1993-cü il tarixində sahəsi 104980 hektar olan Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf; ümumi ehtiyatları 5434 min m3 olan Çaxmaqçay, Soltanlı tikinti qumu; ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil; ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc; ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı; ehtiyatları 4130 min m3 olan Cəfərabad qum-çınqıl qarışığı; ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları vardır.
Rayonda yaşı 200-1600 illər arasında olan 14 ədəd iri diametrli şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.
Cəbrayıl rayonunda qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir.
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu – IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir.
Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susdu və münaqişəni həll etmədi. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi.
Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı-BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. 27 il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış eldi. Əvəzində, təcavüzkarın tamahı daha da böyüdü, yeni torpaqları işğal etmək iddiasına düşdü və Azərbaycana hücum etdi. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi.
Düşmən 27 il ərzində Cəbrayıl ərazisində çox güclü müdafiə səddləri, səngərlər, bunkerlər inşa etmişdi. Cocuq Mərcanlıya yaxın Mehdili kəndində son bir neçə ildə çox müasir bir bunker də tikmişdilər. Yəni ermənilər bizim ordumuzun qarşısını kəsmək üçün bir neçə sədd qurmuşdular. Eyni zamanda çoxsaylı minalar basdıraraq bizim öz torpaqlarımızı azad etməyimizə bütün vasitələrlə mane olmaq istəyirdilər. Amma Azərbaycan ordusu öz peşəklarlığını nümayiş etdirdi.
İlk azad olunan rayon məhz Cəbrayıl rayonu oldu. Oktyabrın ilk günləri Cəbrayılın bir çox kəndləri müzəffər ordumuz tərəfindən azad edildi. Oktyabrın 4-də isə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan günlərdən biri oldu-Cəbrayıl şəhəri azad edildi. 4 oktyabr bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. 27 illik həsrətə son qoyuldu.
Məhəbbət Tağıyeva,
YAP Xətai rayon təşkilatının "Lütvi Zadə 6" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü