04 oktyabr 2024 01:09
328

Fransanın humanizmdənkənar müstəmləkə siyasəti ifşa olunur

Bakı Təşəbbüs Qrupu müstəmləkə regionlarının azadlıgı uğrunda ədalətli mübarizəsini dəstəkləməkdə davam edir

Müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan etsələr də təəssüf ki, neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar. Sirr deyil ki, neokolonializmin ən bariz nümunəsi Fransanın timsalında təzahür edir. Bu ölkədə insan hüquq və azadlıqlarına münasibət birmənalı şəkildə fərqli standartlara əsaslanır. Rəsmi Paris  BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olmaqda davam edir. Əlcəzairdə, Polineziyada, Korsikada, Melaneziyada törətdiyi soyqırımı aktları, Afrikada, Cənub-Şərqi Asiyada, Sakit Okeanda, Latın Amerikasında onlarla ölkənin işğal edilməsi və insanların kütləvi şəkildə qətlə yetirilməsi, şəhər və kəndlərin xarabazarlığa çevrilməsi Fransanın dövlət siyasətinin əsası olub.Müasir dövrdə kolonializm siyasətinə qarşı daha açıq, genişmiqyaslı, cəsarətli çıxışlar müşahidə olunmaqdadır. Bakı Təşəbbüs Qrupu (BTQ)  müstəmləkə regionlarının azadlıgı uğrunda ədalətli mübarizəsini dəstəkləməkdə davam edir. Oktyabrın 3-də  Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Afrika ölkələrinin, xüsusilə Seneqal, Burkina-Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger, Fransa və onun idarəçiliyi altında olan Mayot adasının nümayəndələri iştirak edirlər.

Konfrans iştirakçılarından biri də tanınmış fəal, “URGENCES PANAFRICANISTES” adlı QHT-nin rəhbəri Kemi Sebadır. K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.

K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.

Fransanın hökumət orqanları K.Sebanı sağçı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün bir neçə dəfə həbs edib.

Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.

K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var – o, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.

Kemi Seba “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, Fransanın müstəmləkə siyasətinə qarşı mübarizədə iddialı bir meydana çevrilən Bakıda olmaqdan qürur duyuram. Mən Fransa sisteminin zəifləməsini istəyirəm. Əminliklə deyə bilərəm ki, Azərbaycanın bu ədalətsizliyə qarşı mübarizədə istənilən təşəbbüsünü dəstəkləyəcəyəm: “Fransa Qarabağ mövzusunda Azərbaycana humanistlik dərsi keçməyə çalışır, lakin özü dənizaşırı ölkələrdə humanizmdənkənar müstəmləkə siyasəti aparır. Afrika xalqlarına qarşı təzyiqin birbaşa şahidi olmuşam. Mən bura Azərbaycanlı yoldaşlarımla bərabərhüquqlu müzakirələr aparmağa gəlmişəm. Fransada böyümüşəm və orada fransızların qaradərili insanlara göstərdiyi irqçi davranışların şahidi olmuşam. Siyasi jurnalist olaraq çalışanda Fransanın müstəmləkəçiliyinin Afrikaya necə təsir etdiyini gördüm. Afrikanın qiymətli mineral resursları Fransa tərəfindən istismar olunur. Fransa Afrikaya “kukla” rəhbərlər yerləşdirirdi. Bu təzyiqlərə qarşı reaksiya göstərərək, mən öz təşkilatım çərçivəsində müstəmləkəçiliyə qarşı hərəkatlanmağa çalışdım. Bu tarixi hərəkatlanma idi. Əgər Fransa bizim torpaqlarımızı hərbi yolla işğal edirsə, suverenlikdən danışıla bilməz. Fransa tam olaraq irqçi və müstəmləkəçi bir ölkədir. Biz hərəkatlarımızı davam etdirməliyik. Afrikalıların birliyi bizim üçün prioritetdir. “Neoliberalizm” adı altında Qərb dəyərləri bir çox ölkələrə yeridilir. Lakin bu dəyərlər bir çox ölkədə müqavimətlə qarşılanır. Berlin divarının dağıdılmasından sonra Avropa dövlətləri Mali, Benin, Burkina-Faso və digər Afrika ölkələrini bir-birindən ayırmağa çalışdılar. Lakin indiki Afrika gəncləri bunu bilir və buna imkan vermirlər. Siz nəzərə alın ki, biz 500 ildir bu ölkənin zülmündən əziyyət çəkirik. Bəzi şəxslər panafrikanizmlə bağlı böyük tədbirin Bakıda keçirilməsini təəccüblə qarşılayırlar. Lakin ümumi vəziyyətə nəzər yetirsək görərik ki, Azərbaycan Qoşulmama Hərəkatında fəal iştirak edir, deməli, dekolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasındadır.”

Azərbaycanın Fransanın insan hüquqları ilə bağlı bəyanatlarından artıq təngə gəldiyini bildiklərini vurğulayan K.Seba qeyd edib: “Afrikalılara gəldikdə, insan hüquqları fransız oliqarxiyasının yadına düşmür. Rəsmi Parisin Qarabağla bağlı mövqeyi Afrika ölkələri, Qviana, Martinika və Qvadelupaya münasibətilə daban-dabana ziddir. Fransa Qarabağdan fərqli olaraq Reünyon və Yeni Kaledoniyada öz müqəddəratını təyinetmə məsələsindən danışmır".

Konqo Kinşasa Dünyəvilik Evinin rəhbəri Dani Bos Sinqoma Kabaqambe beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, Konqo Demokratik Respublikası kolonializm uğrunda mübarizədə həlak olmuş Patris Lubumbanın vətənidir. Neokolonializmlə mübarizə bütün bəşəriyyətin vəzifəsi olmalıdır. Suverenliyin çox böyük üstünlükləri var. Ölkənin suveren olması hökumətin müstəqil qərar qəbul etməsinə imkan verir. Bu zaman dövlət milli maraqlar çərçivəsində qərar qəbul edə bilir. O qeyd edib ki, digər tərəfdən müstəqillik hökumətin milli səviyyədə məsuliyyətini artırır. Çünki qərarlar ümumi maraqlar xatirinə qəbul olunur.

Mavritaniyalı jurnalist Abdarahman Von konfransda çıxışı zamanı qeyd edib ki, Afrika ölkələri Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrdəndir. Bu müstəmləkə vəziyyəti qadınlarımızın, uşaqlarımızın ləyaqətlə yaşamalarına imkan vermir. Bizə qarşı diskriminasiya siyasəti həyata keçirilir, qul kimi yanaşılır. O bildirib: “İnanırıq ki, müstəmləkəçiliyə qarşı bu mübarizəmizi qazancağıq. Ümidvaram ki, icmalarımız bu mübarizənin nə demək olduğunu anlayacaq və birləşəcək, nəticədə biz qalib gələcəyik”.

 Malidən olan QHT rəhbəri Kabin Dumbia çıxışında qeyd edib ki, iqtisadi müstəqilliyi əldə etmək üçün təbii resurslara tam sahib olmaq, istehsal zəncirini qurmaq, yerli istehsalı təşviq etmək zəruridir. Bunun üçün də elmi və texniki sahəyə çox ciddi investisiya qoyulmalıdır. Bütün Afrika ölkələri isə bu cəhətdən çətinliklə üzləşib. Diplomatik müstəqillik zəruridir. Diplomatik müstəqillik dedikdə xarici güclərin təzyiqini dəf etmək nəzərdə tutulur. Afrika ölkələri yeni tərəfdaşlar axtaran zaman keçmiş müstəmləkəçi ölkələrlə ehtiyatla davranmağa məcburdur. İqtisadi, diplomatik və hərbi təzyiqlər Afrika ölkələrinin dəf etməli olduğu çətinliklərdəndir. Bəzən xarici qüvvələr sülhü təmin etmək və ya terrorla mübarizə adı altında Afrika ölkələrinə müdaxilə edirlər.

Göründüyü kimi, Azərbaycan bundan sonra da haqsızlığa uğrayan xalqların yanında olacaq, onların haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlindən gələn bütün səyləri göstərəcək.

Şəmsiyyə Əliqızı, “İki sahil”