04 oktyabr 2024 01:58
370

Biz ata-baba yurdumuza qayıdacağıq

Hələ uşaq ikən oxuduğum bu cümlə məni ata-babalarımın kim olduğunu, haradan gəldiklərini öyrənməyə sövq edirdi. Mən 1983-cü il mart ayının 14-də Sabirabad rayonunun Şıxsalahlı kəndində anadan olmuşam və boya-başa çatdığım bu kənd mənim vətənimdir. Atam Məhərrəm müəllim 1981-ci ildə təyinatla bu kəndə gəlib. Atam da, anam da Qərbi Azərbaycanın Dərələyəz mahalının Qabud kəndindəndirlər. Babalarım, qohumlarımız 1988-ci il deportasiyasında doğma yurdlarından qovulublar. 30 ildən çoxdur ki, evlərinə, ocaqlarına, durna gözlü bulaqlarına, ətəyi güllü çiçəkli, sinəsi dağlı , zirvəsi qarlı dağlarına, bərli-bəhərli bağlarına həsrətdirlər.

Mən hər iki babamı: Vəli kişini və Əli kişini görmüşdüm. Daha maraqlısı odur ki, atamın nənəsi Güllü nənəni də görmüşdüm. Güllü nənə 100 il yaşadı. Biz ona yaşının çoxluğundan dolayı Güllü qarı, “Qoja” deyərdik və “Qojamız“ o yerlərin tarixi üçün demək olardı ki, canlı ensiklopediya idi. Ata nənəm Xətayi ( Axta kəndində olub ) bəlkə də yüzlərlə əzbərə dediyi bayatılar, oxşamalar, ağılar hələ də yaddaşımdadır.

                   Əslim İrəvanlıdı,

                   Sinəm çarpaz dağlıdı

                   Nə gələn var, nə gedən,

                   Məgər yollar bağlıdı?

Misralarını ömrünün sonuna kimi ağlaya-ağlaya deyərdi. Ata babam Vəli deyərdi: evlərimizi erməni ustalar tikər, yaxud təmir edərdi. 70-ci illərdə “dost” erməni ustalar deyirdilər ki, əziyyət çəkib, yeni evlər tikməyin, evlərinizi təmir etdirməyin onsuz da sizə qalmayacaq.                            

Deməli təhsilsiz, “avam” erməni ustası bilirmiş ki, onun savadlı, ağıllı qardaşları yerli azərbaycanlıları öz el-obalarından qovacaqlar. Əmim Şahmar danışardı ki, azərbaycanlı şagirdlərin orta məktəbi qızıl medalla bitirməsinə bürokratik maneələr yaradırdılar. Hansı ki, özünün də başıma bu fakt gəlmişdi. Ana babam Əli kişi kolxozda mexanizator işləyirmiş. O deyərdi ki, rayona hər hansı bir arayış üçün gedəndə, özləri üçün 15-20 dəqiqə çəkən bu proses bizim üçün bəzən günlərlə uzanardı. Erməni milislər kimin ov tüfəngi vardısa hamısını zorla insanlardan alıblarmış. Erməni arxeoloqları tədqiqat aparırıq bəhanəsi ilə qazıntılar edir, qızıl küplərini götürür, azərbaycanlılara məxsus qəbirləri sökür, yerində xaç simvolları basdırırdılar ki, gələcəkdə bu torpaqların ermənilərə məxsus olduğunu dünyaya inandırsınlar. Bütün bunları etməkdə əsas məqsəd yerli əhalini bezdirib, öz dədə-baba torpaqlarını tərk etməsini sürətləndirmək idi və bu məqsədlərinə 1988-ci ildə çatdılar. Mən o zaman doğulmasam da həmişə ata, anamın, ulu babalarımın doğulduqları evləri, oynadıqları həyətləri, at qovduqları çölləri, mal-qaralarının otladıqları gəvşənləri görmək arzusu ilə yaşamışam.

 İkinci Qarabağ müharibəsindəki şanlı tariximizə qızıl hərflərlə yazılan Zəfərimizdən sonra Qərbi Azərbaycan torpaqlarına qayıdacağımıza olan inam hissim daha da artdı. Biz Qərbi azərbaycanlılar inanırıq ki, cənab Prezidentimiz İlham Əliyevin qətiyyəti ilə özünün təbirincə desək, ata-baba torpaqlarımıza  tankla, topla deyil, İnşallah  öz maşınlarımızla qayıdacağımız gün çoxda uşaq deyil. Adlarını sadalayacağım Məhərrəm Vəli, Fərman Allahverdi, Şahbəndə və Hürşanın izləri ilə yaşadıqları Qabud kəndinə daşlıqdan, qayalıqdan keçən yollarla gedib çıxa biləcəyəm.

Azərbaycanımızın bütövləşməsi arzusu ilə:

Hafiz Vəliyev,
Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi