03 oktyabr 2024 10:55
393

Ulu Öndərin strateji fəaliyyət konsepsiyası

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev həmin ilin oktyabrın 3-də seçicilərin böyük səs çoxluğu ilə ölkə Prezidenti seçildi. Ulu Öndər qısa zamanda Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. 

Müstəqilliyimizin ilk illərində, yəni 1991-1993-cü illərdə respublika ərazisində baş qaldımış silahlı cinayətkar dəstələr Ulu Öndər Heydər Əliyev prezident seçildikdən sonra qısa zaman ərzində zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə və separatçı meyillərə son qoyuldu. Həmçinin təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olundu.

Ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayan Ulu Öndər bu istiqamətdə mühüm islahatlara başladı. Məhz Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Bir sözlə, ölkədə “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülməyə başlandı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmiş oldu.

Dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik illəri ölkə tarixində davamlı siyasi-hüquqi islahatlar dövrü kimi xarakterizə olunur. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər baş vermiş, işlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsası qoyulmuşdur. Hər zaman demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı  olan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərindən senzura ləğv edilmiş, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunmuşdur. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Ulu Öndərin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Böyük siyasət xadiminin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun artmasına səbəb oldu. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdi. Həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində dövlət müstəqilliyi möhkəmləndirilən Azərbaycanın qısa zamanda dünya birliyinə inteqrasiyası təmin olundu. Məhz bütün bunların nəticəsdir ki, Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək bir çox layihələri səmərəli şəkildə həyata keçirir.

Məlum olduğu kimi Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın işğalçılıq siyasəti ilə üzləşmiş və torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur. Məhz zamanında aparılmış bu düzgün siyasət nəticəsində artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin edib. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması isə Ulu Öndər Heydər Əliyevin ən əsas amalı idi.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri