Ümummilli Lider Heydər Əliyev
Bu dahi insanın bir amalı var idi, Azərbaycanı bütöv xoşbəxt, güclü görmək. Və bunun üçün də çalışırdı, hətta sözün əsl mənasında mübarizə aparırdı. 80-ci illərdə keçmiş SSRİ-nin rəhbərliyi çox çalışırdı ki, onu Bakıdan, Azərbaycandan uzaqlaşdırsın. Əlbəttə ki, bunu daha çox ermənilər və onları havadarları istəyirdi. Elə ölkəmizin başına gələn bütün bəlalar bundan sonra başladı. Ermənipərəst sovet rəhbəri Qarabağı asanlıqla ermənilərə hədiyyə etmək üçün Heydər Əliyevi keçmiş SSRİ-nin ali rəhbərliyindən uzaqlaşdırdırmaqla kifayətlənmədi, onu ciddi nəzarət altında saxlayırdı. 1990-cı ildə 20 yanvar hadisələri baş verəndə bütün təhlükələrə baxmayaraq, Ulu Öndər o zaman Moskvada Azərbaycan Resbublikasının Daimi Nümayəndəliyinə gəldi, dərin hüzn içərisində xalqımıza başsağlığı verdi, beynəlxalq mətbuat konfransı keçirdi, Bu, Azərbaycanda, onun paytaxtı Bakıda baş verən cinayətlərin və əsl həqiqətlərin bütün dünyaya yayılması sahəsində ən mühüm addım idi. Bu nəyin göstəricisi idi, Ulu Öndər yaxşı bilirdi ki, onun həyatına təhlükə var, hətta ailə üzvlərinin də həyatı təhlükədədir. Lakin Vətən sevgisi, xalqa olan böyük məhəbbət bütün təhlükələr və çətinlikləri arxada qoyurdu.
1993-cü ildə xalqın tələbi və təkidi ilə ölkəyə yenidən rəhbərlik edən Ümummilli Lider faktiki olaraq Azərbaycanı, dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycanı növbəti fəlakətlərdən xilas etdi. Və Xilaskarlıq missiyasinı yerinə yetirən Ulu Öndər Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.
31 il bundan əvvəl, 1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün yeni bir mərhələnin başlanğıcı idi. Xalqımız müstəqilliyi, dövlətçiliyi, inkişafı, rifahı əsas götürərək böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın, eləcə bir sıra mühüm qanun və məcəllələrin qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni sosial- iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin gərgin əməyinin, böyük siyasi və idarəetmə təcrübəsinin nəticəsidir.
Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri- qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Ulu Öndər qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır"- deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Ümummilli Lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir. Böyük siyasi xadim Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. 1995-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, o cümlədən qadın və uşaq hüquqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.
Ulu Öndər Heydər Əliyev mürəkkəb, ziddiyyətli tarixi prosesləri dərk edən, ən çətin vəziyyətdə belə təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri, reallıqları dərindən anlayan və qiymətləndirərək xalqımızın, dövlətimizin maraqlarını hesablayan bir lider idi. O, öz ölkəsini dərin iqtisadi- siyasi-hərbi böhrandan çıxararaq, Azərbaycanda sabitlik, inkişafa nail oldu. Tək Azərbaycanın deyil, Cənubi Qafqazın gələcəyinə böyük ümidlər yaratdı, inam gətirdi. Bu, çoxsaylı dövlət başçılarının, beynəlxalq siyasətin ən tanınmış politoloqlarının, ekspertlərinin dahi Heydər Əliyevə verdiyi qiymətdir. Heydər Əliyev realist siyasətçi idi. O xalqa fantastik və populist vədlər vermir, əksinə, real vəziyyəti və cari şəraitdə əldə edilə biləcək nəticələri açıqlayırdı. Tarix onun seçdiyi yolun, idarəetmə prinsiplərinin nə qədər doğru olduğunu dəfələrlə sübut etmişdir.
Ümummilli Lider Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti bu gün də davam edir. Çünki bu siyasət Azərbaycanın gələcək tərəqqisinin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Onun banisi olduğu bu siyasət balanslıdır, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə edir, vətəndaşların hüquq və azadlıqlarını, onların milli-dövlətçilik maraqlarının, açıq cəmiyyətin ali dəyərlərini müdafiə edir. bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Cənab İlham Əliyev respublikamızı uğurlu inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerjikommunikasiya layihələrinin başlıca təminatçısına çevrilmişdir. Prezident İlham Əliyevin "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” bəyanatı Ulu Öndər Heydər Əliyev ideallarına sadiqlikdən irəli gəlmişdir.
Ümummilli Lideri Heydər Əliyevin prezidentliyi dövründə dövlət quruculuğu sahəsində atılan strateji əhəmiyyətli addımlar müasir Azərbaycanın bugünkü davamlı və sistemli inkişafının əsasını qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin müasirləşdirilməsi və daha da möhkəmləndirilməsi, milli iqtisadiyyatın dinamik inkişafı istiqamətində Ulu Öndərin apardığı kursu uğurla davam etdirir. Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan uzunmüddətli inkişaf perspektivləri olan dövlətə çevrilmişdir. Beləliklə, müstəqil dövlətçiliyin müdafiəsi heç şübhəsiz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, bütün möhtəşəm ideyaların gerşəkləşməsini, məqsəd və vəzifələrin həyata keçirilməsini aydın şəkildə müəyyən edən plan, bütün sahələrdə fəaliyyət proqramı olmadan təsəvvür etmək olmaz. Xalqın və Azərbaycan dövlətinin mənafeyini hər şeydən üstün tutaraq, bütün səyləri, qarşıya qoyulan məqsədlərə çatmağa yönəldən İlham Əliyev 20 ildə ölkənin sosial-iqtisadi həyatında dönüşə nail oldu, dövlət əsaslarını və bünövrəsini daha da gücləndirdi. Problemlərin həllinə sistemli və kompleks yanaşma, dövlət başçısının məqsədyönlü fəaliyyəti, konkret tapşırıqların icrasına yönəldilməsi nəzərdə tutulanlara səmərəli üsullarla nail olmağa imkan verdi.
Hər birimizin gözləri qarşısında Prezident, Ali Baş Komandan İlham Əliyev güclü, rəşadətli Ordu və onu bütün məsələlərdə dəstəkləyən xalqla birlikdə qəhrəmanlıq və dövlətçilik salnaməsi yaratdı. Ulu Öndərin qoyduğu təməl prinsipləri daha da irəliyə aparaq, Azərbaycanın 200 illik işğal tarixinə son qoydu. Dövlətimizin ərazi bütövlüyü və suverenliyi təmin edildi. Uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. Artıq Böyük Qayıdışın ilk mərhələsinə başlanılmışdır. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Azərbaycan bu illər ərzində həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndi, regionun lider dövlətinə çevrildi, nəhəng nəqliyyat, kommunikasiya, neft, qaz, enerji layihələrinin təşəbbüskarı oldu və dünyaya sübut etdi ki, Cənubi Qafqazda ən güclü dövlətdir. Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq. Ulu Öndər Heydər Əliyev 23 il bundan əvvəl Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş Zirvə tədbirində deyirdi ki: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”. Bu gün Azərbaycan qarşısında dayanan taleyüklü məsələləri həll edərək, daha da inkişaf edir, beynəlxalq aləmdə özünü təsdiq edir, haqqını qoruyur. İndi dövlətimizin tək bölgədə deyil, dünyada nüfuzu artır. Ölkəmiz qlobal təşəbbüslər irəli sürür, bütövlükdə dünyanı düşündürən məsələləri səsləndirir, təkliflər irəli sürür, sülh, təhlükəsizlik, harmoniya, bərabərlik, ədalətlilik naminə öz layiqli töhfələrini verir.
Hicran Hüseynova,
Milli Məclisin Komitə sədri, professor